AQTA yeni maarifləndirmə layihəsinə start verib
15 Fevral 2022 16:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində təbliğat-təşviqat və maarifləndirmə tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan bu tədbirlər ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir.
Bu məqsədlə AQTA tərəfindən qida təhlükəsizliyinin əsas kompanentlərindən olan bitki və heyvan sağlamlığının qorunmasına yönələn məlumatlandırıcı lövhələr hazırlanaraq, Bakı şəhəri və respublikanın müxtəlif yerlərində, o cümlədən Heydər Əliyev adına Beynəlxalaq Hava Limanında, həmçinin gömrük-keçid məntəqlərinə yaxın ərazilərdə, şəhərdaxili ictimai nəqliyyatlarda və müxtəlif kütləvi informasiya vasitələrində yerləşdirilib. Məlumat lövhələrində qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatların, eləcə də heyvanların identifikasiyası, sağlam toxum və pestisidlərdən düzgün istifadə qaydalarının geniş auditoriyaya çatdırılması üçün çağırışlar yer alıb.
“Bitki örtüyümüzü təhlükəyə atma”, “Əl baqajlarında ölkəyə toxum gətirmə”, “Bitki zərərvericiləri gəlirlərinizə də zərər verir”, “Ət məhsullarının təhlükəsziliyi heyvanların qeydiyyatından başlayır, “Heyvanları qeydiyyata alaq ki, sağlam qida istehsal edək”, “Sağlam əkin-səpin materiallarından istifadə edin”, “Sağlam məhsul sağlam təsərrüfatdan gələr” və s. başlıqlı məlumatlar qida təhlükəsizliyi mövzusunun əhəmiyyətini bir daha önə çəkir.
Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq müxtəlif maarifləndirici layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların yeni qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatlılığını genişləndirmək, onların prosesdə aktiv iştirakını təmin etməkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş