AQTİ-də olan vakant yerlərlə bağlı Sumqayıtda görüş keçiriləcək
10 Yanvar 2023 15:51


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
İşə qəbulla bağlı 2023-cü il yanvarın 12-də saat 10:00-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində namizədlərlə görüşün keçirilməsi nəzərdə tutulur.
Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından olan qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, baytarlıq, bitki mühafizəsi, tibbi profilaktika, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçiriləcək görüşə qatıla bilərlər. Həmçinin AQTİ-nin laboratoriyalarında entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis və kimyaçı vəzifələrində çalışmaq istəyən şəxslər də bu görüşdə iştirak etmək imkanına malikdirlər.
Görüşdə iştirak edəcək namizədlərdən özləri barədə məlumatların əks olunduğu anket formasını (CV) gətirmələri xahiş olunur.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
