AQTİ-də SPS Məlumat Mərkəzinin funksiyalarının operativləşdirilməsi ilə bağlı seminar keçirilib
29 İyul 2022 18:50


Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarında və digər ticari fəaliyyətlərdə potensialının artırılması” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) seminar keçirilib. Seminar “SPS Məlumat Mərkəzinin funksiyalarının operativləşdirilməsi” mövzusuna həsr olunub.
Seminarda sözügedən layihənin eksperti Alidə Mahmudova, AQTİ-nin Hüquqi təminat şöbəsinin, eləcə də Azərbaycan Standartlaşdırma İnstitutunun mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, SPS Məlumat Mərkəzi - ÜTT-yə üzv dövlətlərə Sanitar və Fitosanitar Tədbirlərin Tətbiqi haqqında Sazişdən irəli gələn məsələlər üzrə normativ hüquqi aktlar və müvafiq prosedurlar haqqında bildirişlərin verilməsi, Azərbaycanın xarici ticarət tərəfdaşlarından daxil olan sorğuların cavablandırılaması və digər funksiyaları yerinə yetirir.
Ölkəmiz ticarətlə əlaqəli sahələrdə potensialını gücləndirmək məqsədilə beynəlxalq qurumlar və donor təşkilatlarla əməkdaşlıq edir. Bu qurumların sırasına ÜTT ilə yanaşı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi daxildir.
ÜTT-yə üzvlük istiqamətində Azərbaycan hökumətinə göstərilən dəstəyin iqtisadi şaxələnməyə və qeyri-neft sektorunun inkişafına töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.
