AQTİ-də tələbələrlə növbəti görüş təşkil edilib
2 Mart 2023 14:10






Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) fəaliyyət istiqamətləri üzrə, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması ilə bağlı maarifləndirici görüşləri davam etdirir. Növbəti belə görüş Bakı Dövlət Universitetinin kimya və Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinin IV kurs tələbələri üçün təşkil olunub.
Görüşdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, qurumun əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı göstəriciləri üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, kompleks müayinələr, laborator analizlər, sınaq işləri həyata keçirilir.
Görüşdə həmçinin ixtisaslı mütəxəssislərin formalaşadırılmasının və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək edir.
Görüş çərçivəsində tələbələr İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prosesi ilə də tanış olublar. Həmçinin AQTİ-nin əməkdaşları onları maraqlandıran sualları cavablandırıb.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
