AQTİ ilə Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirilməsi İnstitutu arasında görüş keçirilib
5 Mart 2022 15:45


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində işləri davam etdirir.
AQTİ -nin bu müstəvidə növbəti onlayn görüşü Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirilməsi İnstitutu ilə keçirilib. Görüş tərəflər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə fikir mübadiləsi aparmaq məqsədilə təşkil olunub.
Görüşdə AQTİ-də aparılan elmi-praktiki araşdırmalar və həyata keçirilən tədqiqat işlərindən söz açılıb, qida təhlükəsizliyi sahəsində tətbiqi nəzərdə tutulan yeniliklər, o cümlədən beynəlxalq standartların tətbiqi, peşəkar mütəxəssis hazırlığı və s. kimi məsələlərə toxunulub. Daha sonra qida təhlükəsziliyi, baytarlıq və fitonasitar sahədə mövcud vəziyyət ilə bağlı geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Görüş çərçivəsində ilkin əməkdaşlıq formalarının təyin edilməsi üçün bir çox mövzular araşdırılıb, həmçinin AQTİ tərəfindən prioritet istiqamətlərin müəyyən olunaraq qarşı tərəfə göndərilməsi üzrə razılıq əldə edilib.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
