AQTİ laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınağında uğurlu nəticə əldə edib
9 Sentyabr 2022 17:14






Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, kadrların potensialının artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) İngiltərənin "Fapas" şirkəti tərəfindən təşkil edilən, 70-dən artıq xarici laboratoriyanın qatıldığı səriştəlilik sınağında iştirak edib. Belə ki, səriştəlilik sınağı çərçivəsində laboratoriyada zeytun yağı məhsulunda Peroksid ədədi və Turşuluq parametrləri üzrə sınaqlar aparılıb. Sınaq zamanı əldə olunan göstəricilərə əsasən laboratoriya yüksək nəticə əldə edib və səriştəlilik sınağından müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, Abşeron Regional Sınaq Laboratoriyası müxtəlif vaxtlarda aparıcı ölkələrin laboratoriyalarının da qatıldığı İngiltərənin “Fapas”, “LGC standard”, Fransanın “Bipea” kimi təşkilatlarının təşkil etdiyi beynəlxalq laboratoriyalararası sınaqlarda iştirak edərək yüksək nəticələr əldə edib. Laboratoriya öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun fiziki-kimyəvi, mikrobioloji və toksikoloji sınaqlarını apararaq, sınaq protokolları ilə rəsmiləşdirir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
