AQTİ mütəxəssisləri Latviyada təcrübə mübadiləsində iştirak edib
30 Avqust 2022 11:50






Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının peşəkarlığının yüksəldilməsi, səriştəliliyinin artırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilir, İnstitut mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlərə qatılır, təcrübə mübadiləsi aparırlar.
Növbəti təcrübə mübadiləsi “Azərbaycanda sanitar və fitosanitar tədbirlərinin gücləndirilməsi” üzrə Tvininq layihəsi çərçivəsində Latviyanın BIOR laboratoriyasında baş tutub.
Səfər çərçivəsində AQTİ mütəxəssislərinə BIOR laboratoriyalarının fəaliyyəti, onların beynəlxalq təşkilatlarla əməkdaşlığı və maddi-texniki bazası barədə məlumat verilib. Daha sonra tanışlıq və iş prinsipini öyrənmək məqsədilə mütəxəssislər laboratoriyalara baxış keçiriblər.
Təlim çərçivəsində AQTİ-nin laboratoriya mütəxəssisləri müxtəlif nümunə hazırlanma metodologiyasından istifadə etməklə bitki mənşəli məhsullarda pestisidlərin qalıqlarının təyini, mikotoksinlərin çoxkomponentli təyini və digər kimyəvi maddələrdən çirklənmənin təyini üzrə analiz prosesində iştirak edib, alınan nəticələrin təhlilini həyata keçiriblər.
Eyni zamanda mütəxəssislər Avropa İttifaqının 401/2006, 396/2005 qaydalarına, SANTE/11312/2021 və SANTE/12089/2016 sənədlərinə uyğun olaraq müxtəlif nümunə hazırlama metodologiyaları ilə tanış olaraq yeni metodların tətbiqi sahəsində təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ nəzdindəki laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
