AQTİ mütəxəssisləri sahibkarlıq subyektinin əməkdaşlarına təlim keçib
27 Mart 2023 15:46


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara qida təhlükəsizliyi, təhlükəli qida, dezinfeksiya, dezinseksiya və deratizasiya haqqında ətraflı məlumat verilib. Qida zəncirinin bütün mərhələlərində sanitariya-epidemioloji tədbirlərə əməl edilməsinin vacib olduğu vurğulanıb və bununla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Həmçinin sanitariya-epidemioloji tədbirlərin təşkili izah edilib. Bildirilib ki, belə tədbirlər zamanı müəssisənin daxili və xarici məkanı planlı olaraq nəzarətdə saxlanmalıdır. Həmçinin zərərvericilərə nəzarət planları üzrə məsul şəxs təyin edilməlidir. Zərərvericilrərə qarşı həyata keçiriləcək tədbirlərlə əlaqədar müəssisə və zərərsizləşdirməni aparacaq fiziki və ya hüqüqi şəxs arasında müqavilə bağlanmalıdır. Eləcə də istifadə olunan fiziki, kimyəvi və bioloji materialların ümumi siyahısı hazırlanmalı, həmçinin materialların konsentrasiyası, tətbiq edildiyi bölgə, tətbiq metodu və nəzarət sıxlığı təyin olunmalıdır. Eyni zamanda lazım olduqda, metodun tətbiqi ilə bağlı üsullar dəyişdirilməlidir.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
