AQTİ mütəxəssisləri tərəfindən bitki sağlamlığı sahəsində tədbirlər davam etdirilir
23 Avqust 2022 12:13
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən tərəvəz yarpaq lağımlayıcısının (Latş - Liriomyza sativae) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə ekspres risk təhlili həyata keçirilib.
Tərəvəz yarpaq lağımlayıcısı - ilk dəfə Argentinada yonca bitkisinin yarpağında aşkar edilib. Daha sonra bu zərərvericiyə Şimali, Mərkəzi və Cənubi Amerika, Afrika, Sakit okean və Karib adalarında, eləcə də bir necə Asiya ölkəsində rast gəlinib. Türkiyədə zərərvericinin yayılma arialı Ege və Cənub-Şərqi Anadolu bölgələri ilə məhdudlaşır. Azərbaycanda isə tərəvəz yarpaq lağımlayıcısının aşkar edilməsi ilə bağlı indiyə kimi rəsmi məlumat qeydə alınmayıb.
Tərəvəz yarpaq lağımlayıcısı - çiçəkli və tərəvəz bitkilərinin üzərində rast gəlinən, karantin tətbiq edilən polifaq zərərvericidir. Zərərvericinin sahib bitkilərinə, əsasən, pomidor, kartof və qabaq aid edilir. Bundan başqa kərəviz, bibər, sarımsaq, soğan, kələm, çətənə, kahı, kətan, turp, qovun, xiyar, yonca, lobya, noxud, gənəgərçək, badımcan, ispanaq, soya, pambıq, çuğundur və digər bitkilərdə də bu zərəvericiyə rast gəlinir.
Tərəvəz yarpaq lağımlayıcısı soyuq ərazilərdə tez məhv olur, isti iqlim şəraitində isə il boyu çox nəsil verə bilir. Yetkin dişi fərd orta hesabla 200-300 ədəd yumurta qoyur. Yarpağın alt səthinə qoyulan yumurtalar 9-12°C-də inkişaf edir və temperaturdan asılı olaraq 2-8 gün ərzində onlardan sürfə çıxır. Sürfələr yumurtadan çıxdıqdan sonra yarpağın mezofili ilə qidalanmağa başlayır və bu zaman yarpaqda girintili-çıxıntılı lağımlar açır. Bu proses sürfənin üçüncü inkişaf mərhələsinə qədər davam edir. Dördüncü mərhələdə isə pup əmələ gəlir ki, bu zaman qidalanma dayanır. Pup mərhələsi 20-30°C temperaturda 7-14 gün davam edə bilər. Optimal temperaturda (30°C) zərərvericinin bir nəslinin inkişafı 15 gün müddətində tamamlanır.
Bitkinin həm cavan, həm də yaşlı yarpaqları zərəvericinin açdığı çoxsaylı lağımlar səbəbindən ciddi ziyan görə bilər. Belə ki, Floridada kərəviz bitkisində, Argentinada isə yoncada 80%-ə qədər məhsul itkisi qeydə alınıb. Ümumlikdə bitkilərdə 10%-dən 100%-ə qədər məhsul itkisi mümkündür. Məsələn, şitil mərhələsində bu zərərvericiyə məruz qalan və ciddi şəkildə ziyan görən balqabaq bitkisi tamamilə məhv ola bilər.
Oxşar xəbərlər
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azadkənd, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Axtaçı Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş