AQTİ mütəxəssisləri tərəfindən HACCP prinsiplərinə dair növbəti təlim keçirilib
14 Aprel 2023 16:06

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək təhlükələrlə risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Həmçinin qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlim zamanı iştirakçılara HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemləri ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumat verilib. Eyni zamanda interaktiv formada təşkil olunan təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Bakı Metropoliteni" ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov", “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.