Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar "Elm fəaliyyətdədir" şüarı altında beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlarla yanaşı, elm və təhsil ocaqlarının rəsmi şəxsləri, mütəxəssislər, ekspertlər təmsil olunublar. Konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır.  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib: “Bu səylərdə sahib olduğumuz ən güclü alətlərdən biri, FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. Azərbaycanla əməkdaşlığımız bizi qürurlandırır. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti müasir, riskləri nəzərə alan və beynəlxalq inteqrasiya olunmuş bir qida təhlükəsizliyi sisteminin qurulmasında əsl liderlik nümayiş etdiriblər” – sitatın sonu. ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. O, bu proqramların Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlandığını və tezliklə Heyvan Elmləri üzrə bakalavr proqramının təqdim olunacağını qeyd edib. Elkin Nurməmmədov ADA Universitetinin kənd təsərrüfatı və qida sektorlarında innovasiyanı, tətbiqi təhsili və praktiki əməkdaşlığı təşviq etmək məqsədilə universitet–sənaye tərəfdaşlıqlarının gücləndirilməsinə sadiqliyini vurğulayıb. Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində artan rolunu yüksək qiymətləndirib. Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub.  Qeyd edək ki, konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

AQTA Qurban bayramı ilə bağlı jurnalistlər üçün infotur təşkil edib
AQTA Qurban bayramı ilə bağlı jurnalistlər üçün infotur təşkil edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. Jurnalistlərə bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi çatdırılıb. Bildirilib ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-si həm kəsim, həm satış, 30-u yalnız satış, 28-i isə yalnız kəsim xidmətləri təqdim edəcək. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək.  “Azmeat” müəssisəsində keçirilən infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Məlumat verilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Vurğulanıb ki, işçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır. İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına baxış keçirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

İyunun 1-i Ümumdünya Süd Günüdür
İyunun 1-i Ümumdünya Süd Günüdür

İyunun 1-i Ümumdünya Süd Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib. Məqsəd südün və süd məhsullarının insan sağlamlığındakı rolunu vurğulamaqdır.  Süd insan sağlamlığı üçün çox faydalı qida məhsuludur. Onun tərkibində bədən üçün vacib olan bir çox vitamin və mineral mövcuddur. Xüsusilə uşaqların inkişaf dövründə və yaşlı insanların sümük sağlamlığını qorumaq üçün südün mütəmadi qəbulu tövsiyə olunur.   Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Ana südü yalnız qida deyil, həm də körpənin immunitet sistemini gücləndirən, onu müxtəlif infeksiyalardan qoruyan bir maddədir. Ana südünün tərkibi körpənin ehtiyaclarına tam uyğun gəlir və bənzərsiz bioloji struktura malikdir. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi həyata keçirilir. Həmin layihə çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici tədbirlər davam etdirilir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların düzgün və sağlam qidalanması hər birimizin məsuliyyətidir  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün uşaq hüquqlarının qorunması və onların rifahının təmin edilməsi məqsədilə dünyada geniş şəkildə qeyd olunur. Azərbaycanda uşaqların sağlam və firavan böyüməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uşaq hüquqlarının qorunması və onların hərtərəfli inkişafı üçün müxtəlif dövlət proqramları və sosial layihələr həyata keçirilir.  Qida Təhlükəsizliyi Agentliyi olaraq uşaqların sağlam inkişafı üçün yaşlarına uyğun, düzgün və rasional qidalanmasını tövsiyə edirik. Sağlam qida rasionunun təşkili ilə yanaşı, düzgün qidalanma vərdişlərinin aşılanması da uşaqların fiziki və zehni inkişafında mühüm rol oynayır. Qidalanma zamanı uşaqların diqqətini qidaya yönləndirmək vacibdir. Yemək vaxtı uşağın qaçmağı və ya oynamağı boğulma ehtimalı yaradır və tövsiyə olunmur. Uşağı qidalanmaya məcbur etmək yerinə onda maraq yaratmaq daha məqbul hesab olunur. Ən əsası uşağına nümunə olmaq üçün valideyn özü də düzgün və sağlam qidalanmalıdır. Agentlik tərəfindən bu istiqamətdə müxtəlif maarifləndirmə təşəbbüsləri həyata keçirilir. Məktəblilər arasında “Təhlükəsiz qida uşaqların gözü ilə”, “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqələri, həmçinin “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” kimi layihələr uşaqlara düzgün qidalanma vərdişləri aşılamağa dəstək göstərir. Uşaqlar bizim gələcəyimizdir və onların sağlam böyüməsi, təhlükəsiz mühitdə yaşaması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.

Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür
Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür

Tütün istifadəsi insan sağlamlığı üçün ən ciddi risk faktorlarından biridir. Hər il milyonlarla insan tütünlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün tütünün fəsadlarına diqqət çəkmək və insanları sağlam seçimlərə təşviq etmək üçün mühüm çağırışdır.  Bu çərçivədə Agentlik yeniyetmə və gənclər arasında populyarlaşan elektron siqaretlərin (veyp) zərərləri barədə maarifləndirmə fəaliyyətlərini genişləndirib. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən tütündən əldə edilən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalarla təsdiqlənib. Ali təhsil müəssisələrində tələbələrlə keçirilən görüşlərdə ənənəvi siqaretlərə alternativ kimi təqdim olunan veyplərin sağlamlıq üçün yaratdığı təhdidlər izah olunub. Eyni zamanda “Bakı Metropoliteni” stansiyalarında elektron siqaretlərin (veyplərin) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Həmçinin veyplərin zərərləri barədə sosial şəbəkə hesablarında mütəmadi olaraq maarifləndirici videolar paylaşılır.

Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir