AQTİ-nin 7 laboratoriyası beynəlxalq laboratoriyalararası test programında uğurlu nəticə əldə edib
13 Aprel 2023 11:22
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə, eləcə də beynəlxalq laboratoriyalararası proqramlarda və səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Göygöl Regional Sınaq Laboratoriyası, Lənkəran Regional Sınaq Laboratoriyası və Tovuz Regional Sınaq Laboratoriyası, eyni zamanda İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasının Qax, Quba, Bərdə və Sabirabad regional bölmələri İngiltərənin Vetqas APHA Scientific şirkəti tərəfindən təşkil olunan laboratoriyalararası test programında bruselyoz xəstəliyinin Rozbenqal sınağı ilə təyinində uğurlu nəticə əldə edib.
Qeyd edək ki, AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı şəhəri və Abşeronda 7, regionlarda 9 olmaqla, ümumilikdə 16 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyaların fəaliyyətinin əsas məqsədi idxal edilən və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, həmçinin baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsidir.
Oxşar xəbərlər
İdman qidaları və BAQM-ların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır - Video
Sosial şəbəkələr və onlayn platformalarda idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) təbliği qeyd olunan sahəyə marağın genişlənməsinə səbəb olub. İdman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır. Bununla yanaşı, məhsulun etiket məlumatlarına və istifadə təlimatlarına diqqət yetirilməsi zəruridir. Belə məhsulların qəbulundan əvvəl onların tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır. Ətraflı:
Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır. Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb. Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Cəlilabadda çiyələk təsərrüfatında monitorinq keçirilib - Video
Ölkədə bitki sağlamlığının qorunması və fitosanitar sabitliyin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər həyata keçirilir. Bitkiçilik məhsullarının, o cümlədən çiyələyin təhlükəsizliyinə nəzarət istehsaldan son istehlak mərhələsinədək bütün zəncir üzrə təmin olunur. Bu çərçivədə təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin tətbiqi, saxlanması və istifadəsinə nəzarət edilir, risk əsaslı yanaşma əsasında məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan görüntü dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Cəlilabad rayonunun Privolnoye kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədirov Natiq Habil oğluna məxsus çiyələk təsərrüfatında monitorinq keçirib. Təsərrüfatda mövcud olan çiyələk məhsullarından, eləcə də istifadə edilən preparatlardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda, təsərrüfat sahibi ilə maarifləndirici söhbət aparılıb, bitki mühafizə vasitələrinin düzgün tətbiqi, normativ tələblərə riayət olunması və təhlükəsizlik qaydaları ilə bağlı müvafiq izahatlar verilib. Laborator sınaqların nəticələri yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ətraflı: https://youtu.be/8t_KAv-LCDg
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş