AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
1 İyul 2022 16:04


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza davamlı şəkildə zənginləşdirilir, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir.
Bu fəaliyyət çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında Hollandiyanın “GD Animal” şirkətinin təşkil etdiyi “2022 PTS VLDIA219 Newcastle disease virus (NDV) antibody detection in serum” laboratoriyalararası test programında quşların Nyukasl xəstəliyinin ELISA müayinə metodu ilə təyinində uğurlu nəticə əldə olunub.
Qeyd edək ki, Nyukasl xəstəliyi quşların yüksək kontagioz virus mənşəli yoluxucu xəstəliyi olub, “psevdotaun”, “atipik taun”, “Asiya taunu” kimi adlarla da tanınır. Dünyanın əksər ölkələrində qeydə alınan bu xəstəliyə bütün ev və vəhşi quş növləri yoluxa bilir.
Xatırladaq ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbright İnstitute, FAO tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib. Laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
