AQTİ-nin mütəxəssisləri çinar taxtabitinin ekspress risk təhlilini həyata keçirib
3 Fevral 2023 10:52
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən çinar taxtabitinin (Corythucha ciliata Say) ekspress risk təhlili aparılıb. Təhlilin nəticələrinə əsasən, dünyanın bir sıra ölkələrində bitkilərə ciddi ziyan vuran bu zərərvericinin ölkəmizə daxil olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.
Belə ki, vətəni Şimali Amerika materiki hesab edilən çinar taxtabitisinə ilk dəfə Amerika Birləşmiş Ştatları və Kanadada rast gəlinib. Bu taxtabiti 1900-cü ildə çinar ağaclarının zərərvericisi kimi tanınıb. Çinar taxtabiti Avropada ilk dəfə 1964-cü ildə İtaliyanın Padova şəhərində, 1975-ci ildə isə Xorvatiya və Slovakiyada aşkarlanıb. Türkiyədə ilk dəfə 2007-ci ildə aşkar edilən bu zərərvericiyə 2009-cu ildə ölkənin Tekirdağ, 2011-ci ildə Trabzon, 2014-cü ildə Kastamonu bölgələrində rast gəlinib. Çinar taxtabiti 1997-ci ildə Rusiyanın Krasnodar, 2000-2001-ci illərdə Soçi şəhərində aşkarlanıb. Ölkəmizdə çinar taxtabitinin xəstəliyi 2007-ci ildə karantin tətbiq olunan zərərli orqanizmlərin siyahısına daxil edilsə də, respublikamızda bu zərərəvericinin aşkarlanması ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.
Çinar taxtabitisinə əsasən qərb çinarı, adi göyrüş, ağcaqayın, London çinar ağacı və Şərq çinarı bitkilərində rast gəlinir. Eyni zamanda Şimali Amerika materikində qoz ağaclarında da bu zərərverici aşkar olunub.
Çinar taxtabiti dünyada 250-dən çox cins və təxminən 2025 növü əhatə edən kiçik və orta ölçülü həşəratlardan ibarət olan Tingidae fəsiləsinə aiddir. Zərərvericinin yumurtası armudvari formada olub, uzunluğu təxminən 0,5 mm, eni 0,16-0,18 mm-dir. Yumurtaların rəngi qara, uc hissəsi isə solğun-ağımtıl olur. İlk yumurtalar təxminən may ayında qoyulur. Hər dişi fərd əksər hallarda 80-160, bəzən isə 350-yə qədər yumurta qoyur. Adətən yumurtalar topa şəklində, bitkilərin yarpaqlarının alt səthinə qoyulur.
Çinar taxtabitinin nimfaları qara və ya açıq-qəhvəyi rəngdə, onların bədənlərində isə tikancıqlar olur. Zərərvericinin yetkin fərdlərinin uzunluğu təxminən 3 mm, eni 2 mm-dir. Bu fərdlər böyük, şəffaf, torabənzər qanadlarla örtülmüş kiçik, yastı, ağımtıl, qoxulu həşəratlardır. Onların qanadları təxminən 3,3-3,7 mm uzunluğundadır və ağımtıldır. Ventral səth isə açıq-qəhvəyi rəngdədir.
Çinar taxtabiti bitkinin gövdəsinin qabığının və yarpaq qalıqlarının altında qışlayır, -24º C-yə qədər soyuqda yaşaya bilir. Bəzi məlumatlarda isə onların -30° C-ə qədər aşağı temperaturda qışlaya bildiyi qeyd edilir. Nimfalar təxminən üç həftə sonra, optimal temperaturda hətta on beş gün ərzində əmələ gəlir. Zərərvericinin yumurtadan yetkin fərdə qədər inkişafı təxminən 35 gün davam edir. Bu müddətin 15 günü yumurta formasının, 3 günü birinci dövr və ya mərhələnin, 3 günü ikinci mərhələnin, 4 günü üçüncü mərhələnin, 5 gün dördüncü dövrün, 5 gün beşinci dövrün payına düşür.
Zərərverici bitkinin yarpaqlarının alt tərəfi ilə qidalanır və əsasən da xloroplast olmaqla, sitoplazmanı sorduğuna görə, ağac qida çatışmazlığı səbəbindən məhv olur. Çinar taxtabitinin həm yetkin fərdləri, həm də nimfaları bitkinin yarpaqlarının alt tərəfində qidalansa da, ən çox zədələnmə yuxarı səthdə olur. Aşağı səthdə onun mövcudluğu əslində qurumuş qara ləkələrlə təsdiqlənir. Bununla belə, yuxarı səthdə zərər daha aydın görünür, yarpaqlarda ağ ləkələr müşahidə olunur. Daha sonra isə xlorotik rəngsizləşmə və qaralma baş verir. Zərərvericinin yaratdığı ləkələr (yaralar) səbəbindən bitkinin tənəffüsü və fotosintezi zəifləyir ki, bunun nəticəsində də sirayətlənmiş yarpaqlar vaxtından əvvəl tökülə bilir.
Zərərvericinin yetkin fərdləri yavaş hərəkət edir. Çinar taxtabiti bitkilər tərəfindən il boyu daşına bilər. Zərərverici əsasən taxta qablaşdırma materiallarının daşınması zamanı yayılır. Güclü sirayətlənmə çox vaxt təbii şəraitdə deyil, nəqliyyat vasitələri, külək, həmçinin insanlar vasitəsilə (paltarlara yapışmaqla) baş verir.
Sadalanan halları nəzərə alaraq, yeni populyasiyanın ölkəmizə daxil olmasının qarşısını almaq məqsədilə qonşu dövlətlərlə sərhəd keçid məntəqələrində və həmsərhəd ərazilərdə fitosanitar nəzarətin gücləndirilməsi mütləqdir. Eyni zamanda əkin materialları zərərli orqanizmlərdən azad zonalardan gətirilməli, həmçinin azad istehsal yeri və ya azad istehsal sahələrində istehsal olunmalıdır.
Çinar taxtabitinin ekspress risk təhlili Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi“ departamenti tərəfindən hazırlanıb və xidməti istifadə üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilib.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş