AQTİ-nin nümayəndə heyəti ÜHST tərəfindən Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib
4 Aprel 2023 12:27
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Tamilla Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olub.
Nümayəndə heyəti səfər çərçivəsində Qazaxıstanın Almatı şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) keçirdiyi “Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Baytarlıq İşçi Qüvvəsinin inkişafı üzrə Regional Maarifləndirmə Seminarı”nda iştirak edib.
Seminar ÜHST-yə üzv ölkələrdə işçi qüvvəsinə olan ehtiyacları nəzərdən keçirmək, adekvat və müvafiq işçi heyətin yaradılmasının vacibliyi barədə məlumatlılığı artırmaq, həmçinin baytar mütəxəssislərə töhfə verən amillər haqqında bilik və anlayışlar formalaşdırmaq məqsədilə təşkil edilib.
Tədbirdə ölkələrin baytarlıq kadrlarının qiymətləndirilməsi, onların düzgün balanslaşdırılmış bölgüsü və istifadəsi, baytarlıq təhsilinin planlaşdırılması, baytarlıq statuar orqanının yaradılması, baytarların və paraveterinarların vəzifə təlimatları və səlahiyyətləri, paraveterinarlara müəyyən funksiya və səlahiyyətlərin verilməsi imkanları, baytarlıq qanunvericiliyinin təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunub. Həmçinin bildirilib ki, ÜHST tərəfindən baytar mütəxəssislərin qiymətləndirilməsi və inkişafında üzv ölkələrə dəstək olmaq məqsədilə alətlər və yanaşmalar hazırlamaq üçün Baytarlıq İşçi Qüvvəsinin İnkişaf Proqramı irəli sürülüb. ÜHST üzv ölkələri baytar mütəxəssislərə olan ehtiyaclarını sistematik şəkildə qiymətləndirməyə, eləcə də üzləşə biləcəkləri maliyyə, insan və təhsil resursları məhdudiyyətləri çərçivəsində bu ehtiyacların real şəkildə həllinə təşviq etmək niyyətindədir.
Seminarda Azərbaycanda baytar mütəxəssislərin yetişdirilməsi və işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin heyvan sağlamlığı sahəsində görülən işlər və AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalar, o cümlədən Mərkəzi Baytarlıq Laboratoriyası haqqında ətraflı məlumat verilib. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçilərin, o cümlədən baytarların nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb.
Səfər zamanı AQTİ-nin nümayəndə heyəti tədbirdə iştirak edən digər ölkələrin təmsilçiləri ilə də görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Cəlilabadda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən, fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Ağdaşda ictimai iaşə obyektinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.İsayev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzalıyev Namiq Həmdiyə oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, döşəmə, divar, tavanın təmirsiz olduğu və çirkləndiyi, qida məhsulları və qablar üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və antisanitar şəraitdə yuyulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Xaçmazda marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb
Xaçmaz rayonu, Qaraqurtlu kəndində fəaliyyət göstərən, Məmmədov Hafiz Yusif oğluna məxsus “Nurxan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketin anbar sahəsində qida məhsullarının yerdən, divardan ara məsafəsi gözlənilmədən saxlandığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Fakta bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb.