AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb
2 Avqust 2024 09:41
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Bu çərçivədə İnstitutun həyata keçirdiyi növbəti, bal nümunəsində HMF, nəmlik və diastaza ədədinin təyini müayinəsi üzrə səriştəlilik sınağının nəticələri məlum olub. Səriştəlilik sınaqlarına qatılan 10 laboratoriya tərəfindən İnstituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, səriştəlilik sınaqları sınaq laboratoriyalarının müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılması məqsədilə təşkil edilir. Sınaqlar beynəlxalq ISO 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.
Oxşar xəbərlər
AQTA sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holger Krayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşdə daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində icra edilmiş “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müxtəlif istiqamətlər üzrə görülmüş işlərə diqqət yetirilib. Agentlik tərəfindən heyvan və bitki sağlamlığı sahələrində hüquqi və normativ bazanın təkmilləşdirilməsi, vivariumun yaradılması və BSL3 laboratoriyasının qurulması, məhsulların izlənməsi, heyvanların identifikasiyası və qeydiyyatı sistemi, innovativ həllərin tətbiqi ilə informasiya texnologiyaları sahəsində ən müasir beynəlxalq təcrübənin tətbiqi məsələlərinin Dünya Bankı tərəfindən hazırlanacaq yeni layihədə nəzərə alınması ilə bağlı prioritet istiqamətlər müzakirə edilib. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərdə mövcud problemlərin aradan qaldırılması istiqamətində Agentliyin təşəbbüsü ilə görülmüş və görülməkdə olan işlər nəzərdən keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Göyçay rayonunda yerləşən, fiziki şəxs Qəribov Məhəmmədəli Mahmud oğluna məxsus alkoqolsuz içkilərin (limonad) emalı müəssisəsində Agentliyin əməkdaşları plandankənar yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq müvafiq tələblər gözlənilmədən kustar üsulla yuyulub içkilərin qablaşdırılmasında istifadə olunduğu, keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə məhsulların laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında istehsal müəssisəsinin ünvanı barədə yanlış məlumatların qeyd edildiyi məlum olub. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinq keçiriləcək
Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirləri davam etdirilir. 2025-ci ilin 17-28 fevral tarixlərində respublikanın 51 rayonunun (şəhərinin) 374 yaşayış məntəqəsində fəaliyyət göstərən 20 başdan yuxarı südlük istiqamətli iribuynuzlu (süd verən) heyvanların saxlandığı 754 fərdi və fermer təsərrüfatlarında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində 3770 baş süd verən iribuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator müayinələr aparılacaq, habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq barədə məlumatlar müvafiq sistemə daxil olunacaq.\\Qeyd edək ki, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir. Ona görə də istehlakçılar bu cür məhsulları seçərkən daha diqqətli olmalıdırlar