AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
20 Dekabr 2024 10:34
Qarabağ Universitetinin tələbələri üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi və təhlükəsiz qidalanma ilə bağlı təlimlər təşkil edilib.
Təlimlər “Qida məhsullarının təhlükəsizliyi və markalanma”, “Şəxsi gigiyena və sağlam qidalanma” və “İstehlakçı hüquqları” mövzularında olub. İki gün davam edən təlimlər iştirakçılara qida təhlükəsizliyi, sağlam qidalanma prinsipləri, şəxsi gigiyena və istehlakçı hüquqları barədə məlumat vermək məqsədilə həyata keçirilib.
Təlimlər çərçivəsində tələbələr İnstitutun fəaliyyət istiqamətləri barədə də ətraflı məlumatlandırılıb. AQTİ-nin Xidmətlərin təşkili departamentinin müdir müavini Ziyabəddin Hüseynov ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində fəaliyyət göstərən qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar haqqında məlumat verib. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparıldığı diqqətə çatdırılıb.
“Qida məhsullarının təhlükəsizliyi və markalanma” mövzusunda keçirilən təlimdə iştirakçılar qida təhlükəsizliyinin əhəmiyyəti, əsas risklər və onlardan qorunma üsulları, o cümlədən qida zəhərlənməsi və simptomları, çirklənmə, mikroorqanizmlər və temperatur rejimi barədə məlumatlandırılıb. Həmçinin onlara qida məhsullarının üzərindəki etiket məlumatlarına diqqət yetirilməsinin əhəmiyyəti izah edilib. Məhsulların istehsal və son istifadə tarixi, tərkib hissələri və allergenlər, sertifikatlar və keyfiyyət nişanları haqqında məlumat verilib.
“Şəxsi gigiyena və sağlam qidalanma” mövzusunda təşkil olunan təlim zamanı tələbələr şəxsi gigiyenanı qorumanın qida təhlükəsizliyindəki roluna dair məlumatlandırılıb. Onlara əllərin düzgün yuyulması texnikası, təmizlik, geyim gigiyenası və yemək hazırlayarkən əməl edilməli olan gigiyenik qaydalar barədə məlumat verilib. Eyni zamanda tələbələrə sağlam qidalanmanın prinsipləri izah edilib. Onlar qida piramidası və balanslı qida qəbulu, zərərli qidalardan uzaq durma yolları və gündəlik normaya uyğun su qəbulunun əhəmiyyəti haqqında məlumatlandırılıb.
“İstehlakçı hüquqları” ilə bağlı keçirilən təlimdə iştirakçılara istehlakçı hüquqlarına dair əsas qanunlar, tələblərə uyğun olmayan məhsulların geri qaytarılması proseduru, təhlükəsiz məhsul seçimi zamanı diqqət yetirilməli olan məqamlar və digər məsələlər barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb.
Təlimlər zamanı mövzuya uyğun praktiki məşğələlər təşkil olunaraq müzakirələr aparılıb və suallar cavablandırılıb. Həmçinin tələbələrin təlimlərdə əldə etdikləri biliklər qiymətləndirilib.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş