AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan qeydiyyatdan keçmiş şirkət əməkdaşları üçün təlimləri davam etdirir
26 Sentyabr 2023 14:39

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimləri davam etdirir.
AQTİ-də peşəkar mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələr, onların materialı və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat veriləcək. Həmçinin təlimlərə qatılan şəxslər qida məhsullarının çirklənmə növləri və mənbələri, temperaturun idarə edilməsi, təmiz və izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi, istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılacaq.
Qeyd edək ki, növbəti təlimlərdə iştirak etmək istəyənlər 2 oktyabr tarixinədək qeydiyyatdan keçə və ətraflı məlumat almaq üçün (012) 565 12 72 (daxili: 907) nömrəli telefona zəng edə bilərlər.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Riu-Qrandi-du-Sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir
AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb. Azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə “peyvəndləmə ilə azad” status alınması istiqamətində epizootoloji, diaqnostik, logistik və s. tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı ancaq heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlarından həyata keçirilir. Qeyd olunan heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.