AQTİ qida mühəndisi ixtisası üzrə işə qəbul elan edir
31 Yanvar 2023 12:47


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida mühəndisi ixtisası üzrə peşəkar kadrları işə dəvət edir.
İşə qəbul olmaq istəyən şəxslər qida mühəndisliyi ixtisası üzrə ali təhsilə, HACCP və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə bilik və bacarıqlara, eləcə də risk əsaslı yanaşmaya malik olmalıdırlar. Eyni zamanda onlar sanitar-texniki və sanitar gigiyena qaydalarını, qida sahəsini tənzimləyən yerli qanunvericiliyi və texniki-normativ aktları bilməli, müxtəlif qida məhsullarının istehsalat prosesləri haqqında məlumatlı olmalıdırlar.
İşə qəbul üçün müraciət edən namizədlərdən ən azı 3 il iş təcrübəsi, qida sahəsi üzrə beynəlxalq standartlar, həmçinin rus və ingilis dilləri üzrə bilikləri olanlara üstünlük veriləcək. Namizədlərin kompüter biliklərinin olması isə vacibdir.
Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Qida mühəndisi" yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
