AQTİ sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirib
20 Oktyabr 2022 11:32


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” MMC-nin əməkdaşlarına “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara qida təhlükəsizliyi, təhlükəli qida, dezinfeksiya, dezinseksiya və deratizasiya haqqında ətraflı məlumat verilib. Sanitariya-epidemioloji tədbirlərin təşkili izah olunub. Bildirilib ki, belə tədbirlər zamanı müəssisənin daxili və xarici məkanı planlı olaraq nəzarətdə saxlanılmalıdır. Həmçinin zərərvericilərə nəzarət planlarında məsul şəxs təyin olunmalıdır. Zərərvericilrərə qarşı aparılacaq zərərsizləşdirmə işləri ilə əlaqədar müəssisə və zərərsizləşdirməni aparacaq fiziki və ya hüqüqi şəxs arasında müqavilə bağlanmalıdır. Eləcə də istifadə olunan fiziki, kimyəvi və bioloji materialların ümumi siyahısı hazırlamalı, materialların konsentrasiyası, tətbiq edildiyi bölgə, tətbiq metodu və nəzarət sıxlığı təyin olunmalıdır. Eyni zamanda, metodun tətbiqi ilə bağlı üsullar lazım olduqda dəyişdirilməlidir.
Qeyd edək ki, AQTİ tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
