AQTİ sahibkarlıq subyektlərini "Qida məhsullarının saxlanması və daşınması" mövzusunda təlimlərə dəvət edir
21 Oktyabr 2022 15:45


Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə təlimlər davam etdirilir.
Növbəti nəzəri-praktiki təlimin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü əsasında “Qida məhsullarının saxlanması və daşınması” mövzusunda keçirilməsi planlaşdırılıb.
Təlimdə ölkəmizdə qida zəncirinin hər hansı mərhələsində iştirak edən sahibkarlıq subyekt və obyektlərinin əməkdaşlarının aşağıdakı bilik və təcrübələr barədə məlumatlandırılması nəzərdə tutulur:
- qida zəncirinin mərhələləri, qida obyektləri, qida məhsullarının və onların inqrediyentlərinin, ərzaq xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin saxlanması və daşınması üçün qaydalar və onların tələbləri, müvafiq qulluq və təmizləmə qaydaları, saxlanma və daşınma prosesləri, saxlanma və daşınmaya dair yerli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə;
- sanitar texniki və sanitar gigiyenik tələblərin müzakirəsi, saxlanma zamanı səthlərə dair tələblər, havalandırma (havanın ventilyasiyası), temperatur rejimi, işıqlandırma, çirkab suların axıdılmasına dair tələblər;
- həşarat və gəmiricilərə qarşı effektiv müdafiənin təmin edilməsi;
- qida məhsullarının saxlanması və daşınması zamanı müşayiətedici sənədlərin təmin edilməsi;
Qida təhlükəsizliyi ilə bağlı saxlanma və daşınmada tətbiq edilməsi vacib olan digər mövzulara da toxunulacaq təlimlə maraqlanan sahibkarlar (012) 565 12 72 (daxili 016 və 456) nömrəli telefona zəng edə bilərlər.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
