AQTİ sentyabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
29 Avqust 2023 14:27
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Laboratoriyalar sentyabr ayında keçirilməsi planlaşdırılan bərk pendir məhsulunda zülal, yağlılıq və quru maddə parametrləri üzrə səriştəlilik sınağına qatılmaq üçün 21 sentyabr 2023-cü il tarixinədək İnstituta müraciət edə bilərlər. Növbəti səriştəlilik sınağı və sınağın proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağı barədə məlumat və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Proqram”) yerləşdirilib. Sınaqda iştirak etmək istəyən laboratoriya saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidir. Müraciətlər qəbul edildikdən sonra müqavilə və digər məlumatlar elektron poçt vasitəsilə individual olaraq iştirakçılara göndərilir.
Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Həmçinin qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.
Oxşar xəbərlər
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracı istiqamətində mühüm nailiyyət əldə olunub. İlk dəfə olaraq “AGRARCO” MMC tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib. Bu ixrac Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb. AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb. Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub. Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları açır. Link:
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş