AQTİ səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb
9 Mart 2023 10:02
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını təşkil edir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.
Səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
Səriştəlilik sınaqlarının təşkili ilə əlaqədar AQTİ-nin saytında (afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmə də yaradılıb. Bölmədə ay ərzində həyata keçirilməsi nəzərdə tutulan səriştəlilik sınaqlarının siyahısı və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması (Mikrobioloji sınaqlar)”, “Proqram”) yerləşdirilib. Belə ki, laboratoriya keçirilməsi planlaşdırılan səriştəlilik sınaqları və onların proqramı ilə sayt vasitəsilə tanış ola bilər. Laboratoriya sınaqlarda iştirak etmək istədikdə, saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidir. Mart ayında keçirilməsi planlaşdırılan salmonella sınağında iştirak etmək üçün 17 mart 2023-cü il son müraciət tarixi müəyyən olunub. Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Laboratoriyalar səriştəlilik sınaqları haqqında daha ətraflı məlumatı İnstitutun rəsmi saytından əldə edə bilərlər.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.