AQTİ tərəfindən sahibkarlıq subyektlərinə növbəti təlim keçirilib
25 May 2021 15:21




Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.
Növbəti təlim AQTİ mütəxəssisləri tərəfindən “Bazarstore” MMC və “Al market” MMC-nin əməkdaşlarına “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilib.
Təlim “HACCP qrupunun yaradılması və qrupun tərkibinin müəyyən edilməsi”, “Məhsulun identifikasiyasının təyin edilməsi”, “Emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin müəyyənləşdirilməsi”, “Aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin edilməsi”, “Təyin edilmiş nəzarət nöqtələri üçün kritik limitlərin müəyyən edilməsi”, “Kritik nəzarət nöqtələri üçün monitorinq və zəruri tədbirlərin tətbiqi”, “Aparılan təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyən edilməsi” mövzularını əhatə edib.
Sonda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər

Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində fəaliyyət göstərən, Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Sabunçuda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən, Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
