AQTİ və BMU arasında anlaşma memorandumu imzalanıb
25 İyun 2024 20:23
Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev memorandumun elmi-tədqiqat institutu ilə ali təhsil müəssisəsinin qarşılıqlı fəaliyyətinin təşkili, yüksəkixtisaslı kadr hazırlığı baxımından önəmini vurğulayıb və bu istiqamətdə əsası qoyulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını söyləyib. Əməkdaşlığın əsas istiqamətləri ilə bağlı fikirlərini bölüşən nazir imzalanan memorandumun yeni imkanlar açacağına, sənəd çərçivəsində görüləcək işlərin ümumi işə töhfələr verəcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMU ilə AQTİ arasında başlanan əməkdaşlığın qida təhlükəsizliyi sahəsində birgə elmi-praktik araşdırmaların, tədqiqatların aparılmasına, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb. Gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün qida təhlükəsizliyi ilə yanaşı, digər mümkün sahələrə toxunan AQTA sədri ixtisaslı kadr hazırlığının təmin edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin paylaşılması kimi məsələləri nəzərə çatdırıb.
Çıxışlar zamanı qida təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələri uğurla davam etdirmək üçün bilikli, müasir elmin yeniliklərinə bələd olan kadrlara hər zaman ehtiyac olduğu bildirilib. Eyni zamanda, BMU-da bu il açılan yeni ixtisaslar arasında “Qida mühəndisliyi”, “Biotexnologiya” və başqa bu kimi ixtisasların yer almasına, təhsil müəssisəsinin güclü maddi-texniki bazaya, elmi-tədqiqat fəaliyyətinə, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalara malik olmasına diqqət çəkilib.
Sonra BMU-nun rektoru Yaqub Piriyev və AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev tərəfindən anlaşma memorandumu imzalanıb.
Sənəd qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-praktik əlaqələrin qurulması, inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və digər istiqamətlərdə əməkdaşlıq məqsədi daşıyır.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər, səsləndirilən təklif və təşəbbüslər ətrafında müzakirələr aparılıb.
Oxşar xəbərlər
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Fermadan süfrəyədək: Heyvan mənşəli məhsulların izlənməsi niyə vacibdir?
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Giriş