AQTİS və Argus-Fito informasiya sistemləri arasında inteqrasiya məsələləri müzakirə olunub
10 Mart 2026 12:52
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşları arasında onlayn formatda görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında idxal–ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatların təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin adıçəkilən qurumlarının informasiya sistemləri arasında inteqrasiyanın mövcud vəziyyəti müzakirə olunub.
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) və FGİS Argus-Fito arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti və qazandıracağı üstünlüklər barədə məlumatlar verilib.
Görüşün sonunda gələcəkdə görüləcək işlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır. Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb. Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Cəlilabadda çiyələk təsərrüfatında monitorinq keçirilib - Video
Ölkədə bitki sağlamlığının qorunması və fitosanitar sabitliyin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər həyata keçirilir. Bitkiçilik məhsullarının, o cümlədən çiyələyin təhlükəsizliyinə nəzarət istehsaldan son istehlak mərhələsinədək bütün zəncir üzrə təmin olunur. Bu çərçivədə təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin tətbiqi, saxlanması və istifadəsinə nəzarət edilir, risk əsaslı yanaşma əsasında məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan görüntü dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Cəlilabad rayonunun Privolnoye kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədirov Natiq Habil oğluna məxsus çiyələk təsərrüfatında monitorinq keçirib. Təsərrüfatda mövcud olan çiyələk məhsullarından, eləcə də istifadə edilən preparatlardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda, təsərrüfat sahibi ilə maarifləndirici söhbət aparılıb, bitki mühafizə vasitələrinin düzgün tətbiqi, normativ tələblərə riayət olunması və təhlükəsizlik qaydaları ilə bağlı müvafiq izahatlar verilib. Laborator sınaqların nəticələri yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ətraflı: https://youtu.be/8t_KAv-LCDg
Balın təbiiliyi necə müəyyən olunur? - Video
Balın təbiiliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr əsasında dəqiq müəyyən edilə bilər. Satışda “təbii bal” adı ilə müxtəlif məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir. Əsas meyarlara diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir. Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən etməyə kömək edir. Eyni zamanda, arıçılıqda istifadə olunan amitraz kimi maddələrin qalıq miqdarına nəzarət də vacibdir. Bu göstəricilər üzrə AQTİ-də aparılan laborator yoxlamalar balın təhlükəsizliyini təmin edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vətəndaşlara bildirir ki, sosial şəbəkələrdə yayılan qeyri-ənənəvi üsullarla balın yoxlanılması etibarlı deyil və təhlükəsizlik baxımından tövsiyə olunmur. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş