Asiya çəyirtkələrinin miqrasiyasına qarşı tədbirlər davam etdirilir
9 İyul 2020 10:35
İyun ayının sonlarından Rusiya Federasiyasından respublikamızın Şabran və Siyəzən rayonları ərazisinə (Xəzər dənizi sahili boyu) Asiya çəyirtkələrinin sürü halında miqrasiyası baş verib. Miqrasiyaya səbəb Dağıstan ərazisində baş vermiş güclü küləyin olması ehtimal olunur. Bununla bağlı olaraq mühafizə tədbirlərinin görülməsi məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktub ünvanlanıb. Eyni zamanda, Agentlik və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birgə həmin ərazilərdə məhvetmə tədbirləri həyata keçirilərək çəyirtkəkimilərin kənd təsərrüfatı məhsullarına verə biləcəyi zərərin qarşısı alınıb. Hazırda sözügedən ərazilərdə müşahidə aparılmaqla yanaşı, aşkarlanan kiçik dəstələrə qarşı mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Agentlik sədrinin müvafiq əmri ilə Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan Respublikası və Rusiya Federasiyası ilə həmsərhəd ərazilərin (4 istiqamət üzrə) sərhəd mühafizə zonalarında xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması ilə bağlı fitosanitar müşahidə və profilaktiki mübarizə tədbirlərinin təşkili məqsədilə Agentlik və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb.
Xüsusi təhlükəli zərərverici sayılan çəyirtkəkimilərlə bağlı ehtimal olunan təhlükələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müraciət ünvanlanaraq məhsul itkisinin qarşısının alınması, ərzaq təhlükəsizliyinin təmin olunması və yaşıllıqların mühafizəsi məqsədilə, ehtiyac yarandığı təqdirdə mübarizə tədbirlərinə dəstək göstərilməsi xahiş olunub.
Oxşar xəbərlər
Şəkidə qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin müfəttişləri Şəki rayonunun İnçə və Zunud kəndlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllim kollektivləri ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Görüşlərdə kənd təsərrüfatına və ətraf mühitə ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Zərərvericinin bioloji xüsusiyyətləri, yayılma arealı, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan, eləcə də onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qış dövrü qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirlərinin aparılması üçün ən əlverişli mərhələ hesab olunur. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici kitabçalar paylanılıb.
Pestisid və gübrələrin dövriyyəsi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı, idxalı, saxlanması, satışı və istifadəsi sahəsində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi aktual məsələlərin və mövcud çətinliklərin müzakirəsi, eyni zamanda bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib. Görüş zamanı pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. Preparatların anbarlarda qalıq miqdarına dair statistik hesabatların vaxtında və düzgün təqdim edilməsi, anbarlarda saxlanma və təhlükəsizlik qaydalarına əməl olunması, preparatların açıq halda satışına yol verilməməsi, yalnız müvafiq rəy verilmiş anbarlardan istifadə olunması ilə bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, istifadəyə yararsız və yararlılıq müddəti bitmiş preparatlarla bağlı inventarlaşdırma komissiyasına müraciət edilməsi vacibdir, idxal olunan məhsulların laborator nəticələr əldə edilmədən dövriyyəyə buraxılması isə yolverilməzdir. Azərbaycan dilində etiketləmə tələblərinə və preparatların tətbiqi zamanı normativ tələblərə (məsarif norması, preparatın son tətbiqi ilə məhsul yığımı arasında gözləmə müddətinin nəzərə alınması və s.) ciddi əməl olunmalı, məhsulların fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verdikdə Agentliyə əvvəlcədən məlumat verilməlidir.
Ağdamda bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən, Qurbanov Rüfət Nazim oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş