Avropa çempionu idman qidaları ilə bağlı çağırış etdi
3 İyun 2026 17:47
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir.
Layihənin növbəti qonağı atletika üzrə Azərbaycan milli komandasının üzvü Nazim Babayev olub. Artıq 22 ildir atletika ilə məşğul olan idmançı qeyd edib ki, əldə etdiyi uğurların əsasını sağlam qidalanma, düzgün həyat rejimi və müntəzəm məşqlər təşkil edir.
Üç təkanla tullanmada Avropa çempionu olan, beynəlxalq yarışlarda dəfələrlə qızıl medala layiq görülən Nazim Babayev idmanla məşğul olan şəxslərə müraciət edərək bildirib ki, dövlət qeydiyyatından keçməyən və müvafiq nəzarətə cəlb olunmayan idman qidaları, eləcə də bioloji aktiv qida məhsulları insan sağlamlığı üçün ciddi risklər yarada bilər. O, idmançıları və gəncləri yalnız etibarlı mənbələrdən əldə edilən, təhlükəsizliyi təsdiqlənmiş məhsullardan istifadə etməyə çağırıb.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş