Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidməti təklif edir
11 Yanvar 2023 15:43
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə anbarlarda qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidməti təklif edir.
Qiymətləndirmə və dəstək xidməti sahibkarlara qida məhsullarının saxlanması zamanı qüvvədə olan qanunvericiliyin və texniki normativ hüquqi aktların tələblərinə müvafiq dəstəyi əhatə edir.
Xidmət mal qəbulu prosesinin, nəzarət sisteminin, eləcə də qəbul, yerləşdirilmə, saxlanma zamanı təhlükəsizlik və gigiyena qaydalarının tətbiqi, malların növünə görə yerləşdirilməsi üzrə təlimatın və malların saxlanması müddətinin izləmə prosedurlarının hazırlanması, anbarlarda təmizlik işlərinin və inventarlaşdırmanın təşkili, barkod üzərində məhsulun izləmə sisteminin təmin edilməsi mərhələləri üzrə təşkil olunur. Həmçinin işçi heyətin təlimatlandırılması və məhsul saxlama obyektinin qida təhlükəsizliyi üzrə mövcud normativ texniki hüquqi aktların tələblərinə uyğun olaraq qiymətləndirilməsinin həyata keçirilməsi də bu mərhələlərə daxildir.
Peşəkar mütəxəssislər tərəfindən təklif olunan xidmət müəssisəyə qida təhlükəsizliyi baxımından təhlükələrin yaranma ehtimalının minimuma endirilməsini, yararsız məhsulun anbara daxilolma ehtimalının azadılmasını, saxlama zamanı mal qonşuluğu prinsiplərinin pozulmasına yol verilməməsini, yararlılıq müddəti bitmiş qida məhsullarının anbarda qalma ehtimalının olmamasını həyata keçirməyə imkan verir. Eyni zamanda doğru məlumat əldə etməyin təmin olunmasını, istehlakçı məlumatsızlığının aradan qaldırılmasını, bənzər mallar və ya bənzər kodlara sahib mallar arasındakı qarışıqlığa yol verilməməsini, sürətli məlumat mübadiləsi və məhsul izlənilməsinin təmin edilməsini reallaşdırmağa şərait yaradır.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida təhlükəsizliyinin təmin edilməsi üzrə qiymətləndirmə və dəstək xidmətindən istifadə etmək üçün (012) 377 00 20 (daxili 016 və 594) nömrəsilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki dəstək, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri təklif edir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.