Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vakansiya elan edir
9 İyul 2020 14:47
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə mikrobiologiya ixtisası üzrə namizədlərlə müsahibə elan edilir. Namizədlər mövzu yerində “AQTİ - (aidiyyəti ixtisası)” yazaraq anket formasını 27.07.2020-ci il tarixinədək hr.aqti@afsa.gov.az ünvanına göndərməlidirlər.
Namizədlərdən tələb olunan bilik və bacarıqlar:
- Biologiya və ya tibbi biologiya ixtisası üzrə ali təhsil (magistratura səviyyəsi arzuolunandır)
- Azərbaycan dilini səlis bilməlidir (rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək)
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi zəruridir (sertifikatları olanlara üstünlük veriləcək)
- Korporativ ünsiyyət bacarığı olmalıdır
Namizədin vəzifə öhdəlikləri:
- Laboratoriyada təhlükəsizlik qaydalarını bilmək və tətbiqini təmin etmək
- Sınaqları aparmaq, nəticələrin vaxtında qeydiyyatını və təqdim olunmasını təmin etmək
- Bakteriya və mikroorqanizm kulturalarını izolyasiya etmək və nəticəni düzgün qiymətləndirmək
- Cihaz və ya avadanlıqlarda işləmə bacarığına malik olmaq və aralıq yoxlamaların aparılmasını təmin etmək
- Qida mühitləri və reagentləri hazırlamaq
- Sınaq nəticələrinin etibarlılığını təmin etmək məqsədilə reagentlərin, qida mühitlərinin, nəzarət ştammalarının düzgün saxlanmasını təmin etmək
- Sınaq üçün tələb olunan materialların siyahısını hazırlamaq
- Ətraf mühitin şəraitinə uyğun tələblərin qarşılanmasını təmin etmək
- Laborant və sanitarların fəaliyyətinə nəzarət etmək
- İşlədiyi sahə üzrə Standart Əməliyyat Prosedurlarını hazırlamaq və onların icrasını təmin etmək
Üstünlüklər:
- Uyğun gələn, lakin iş təcrübəsi olmayan namizədlərin aidiyyəti təlimlərə cəlb edilərək qiymətləndirildikdən sonra işə qəbul olunması imkanları
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlıq təlimlərinə cəlb olunması imkanları
- Yerinə yetirilən işin həcmi və keyfiyyətinə uyğun olaraq mükafat sisteminin tətbiqi imkanları
- Tələblərə cavab verən namizədlər CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar.
Suallarla bağlı müraciət üçün əlaqə nömrələri +99412 377-00-20 (530, 531, 532) / İnsan resursları və sənədlərlə iş şöbəsi
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığı ilə bağlı payız dövründə görüləcək tədbirlərin və əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Göygöl rayonunda İşçi qrupun iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Gəncə və Naftalan şəhəri, Göygöl, Samux, Daşkəsən rayon icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak ediblər. İclasda zərərvericinin ölkədə və regionda yayılma vəziyyəti və mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, mübarizə tədbirləri mövsümi xüsusiyyətlər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə əsas fəaliyyət istiqamətlərindən biri əhali arasında zərərvericiyə qarşı mexaniki mübarizə üsullarının təbliği və bu üsulların tətbiqi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu məqsədlə nümayəndəliklər və kənd ərazi dairələri tərəfindən əhali arasında maarifləndirici işlərin aparılması, zərərvericinin aşkarlandığı ərazilər barədə məlumatların aidiyyəti qurumlara operativ şəkildə təqdim edilməsi vacibdir. Tədbirdə həmçinin ölkəyə daxil olan yük avtomobillərinə, o cümlədən digər nəqliyyat vasitələrinə sərhəd keçid məntəqələrində nəzarətin həyata keçirilməsi, eləcə də ölkə daxilində daşınan yüklərə fitosanitar nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Payız mövsümünün yaxınlaşması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin aidiyyəti qurumlarla birgə müəyyənləşdirilməsinin və aşkar edilmiş qışlama ocaqlarında müvafiq tədbirlərin görülməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb. İclasda digər zərərvericilərə dair mövcud vəziyyət və aparılan fitosanitar tədbirlər barədə də məlumat verilib. Aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, monitorinq nəticələrinin operativ paylaşılması və aşkar edilmiş hallara çevik reaksiya verilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Bitkiçilik məhsullarının ixracı ilə bağlı mövsümə hazırlıq işləri davam edir
Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması, ixrac zamanı yarana biləcək risklərin qarşısının alınması və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir. Bildiririk ki, bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq tələblərə ciddi riayət etməsi vacibdir. İxrac zamanı idxalçı ölkənin tələbləri nəzərə alınmalı, məhsulun xüsusiyyətlərinə uyğun qablaşdırma növlərindən istifadə edilməlidir. Etiketlər taranın üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməli, tələb olunan məlumatlar tam əks olunmalıdır. Eyni zamanda, məhsulların daşınması zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun işlənməlidir. Bu, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ixracı nəzərdə tutulan bitkiçilik məhsullarının ölkə daxilində bir ərazidən digər əraziyə, o cümlədən yüklərin boşaldılaraq qablaşdırıldığı və ixrac partiyalarının formalaşdırıldığı əraziyə daşınması, eləcə də digər nəqliyyat vasitələrinə yüklənməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq daxili karantin sertifikatı ilə müşayiət olunması tələb edilir. Bitkiçilik məhsullarının ixracı zamanı məhsul partiyasının qiymətləndirilməsi və fitosanitar sertifikatla təmin edilməsi üçün isə qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsulun istehsalçısı və mənşəyi barədə düzgün məlumatların təqdim edilməsi vacibdir. Bu istiqamətdə Agentlik tərəfindən ixracatçı sahibkarlarla mütəmadi görüşlər keçirilir, mövsüm ərzində qarşılaşa biləcək risklər və onların həlli yolları barədə məlumat verilir. Agentlik sahibkarları ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi əməl etməyə, məhsulların düzgün və təhlükəsiz şəkildə hazırlanmasına çağırır. Tələblərə riayət edilməməsi məhsulların idxalçı ölkə tərəfindən qəbul edilməməsinə, ixrac prosesinin ləngiməsinə və əlavə xərclərin yaranmasına səbəb ola bilər.
Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa rayon icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər. İclasda zərərvericinin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması məqsədilə respublikanın müxtəlif bölgələrində mütəmadi monitorinqlər aparılır, aşkar olunmuş ərazilərdə mübarizə və nəzarət tədbirləri görülür. Mübarizə tədbirlərinin kompleks və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyəti təmin edilir, məlumat mübadiləsinin operativ təşkili və görülən tədbirlərin nəticələri mütəmadi qiymətləndirilir. İclas zamanı Qazax, Tovuz, Gədəbəy, Şəmkir və Ağstafa rayonlarında aparılmış monitorinqlərin nəticələri diqqətə çatdırılıb, zərərvericinin yayılma dinamikası və müşahidə olunan populyasiya sıxlığı barədə məlumat verilib. Həmçinin mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, monitorinq işlərinin genişləndirilməsi və zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı təkliflər verilib. Eyni zamanda Amerika ağ kəpənəyi ilə bağlı fitosanitar vəziyyət də diqqətə çatdırılıb. Hər iki zərərverici üzrə mövcud vəziyyətin davamlı nəzarətdə saxlanılması, məlumatların operativ şəkildə ümumiləşdirilməsi və tədbirlərin aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Sonda qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib, regionlarda monitorinq və nəzarət işlərinin davam etdirilməsi, əhali və kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması, eləcə də zərərvericinin aşkarlandığı ərazilərdə müvafiq fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Görüşdən sonra aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən Qırmızı Körpü gömrük postuna baxış keçirilib. Sərhəd-keçid məntəqəsində zərərvericiyə qarşı operativ mübarizə və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi üçün mövcud infrastruktur və texniki imkanlar qiymətləndirilib.
Giriş