Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
12 İyun 2026 10:38
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə görüşü keçirilib.
Görüşdə Azərbaycanla Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub, eyni zamanda, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qeyd olunub ki, AQTA ilə ÇXR Baş Gömrük Administrasiyası arasında qida məhsullarının təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində müntəzəm əməkdaşlıq həyata keçirilir.
Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edilib.
Daha sonra iki qurum arasında rəsmi əməkdaşlıq sənədlərini AQTA sədri Qoşqar Təhməzli və ÇXR-in Baş Gömrük Administrasiyasının naziri xanım Sun Meycun imzalayıb.
• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə vəhşi su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol;
• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə yetişdirilmə (akvakultura) su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol;
• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə quş ətinin ixracı üzrə inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərinə dair Protokol.
İmzalanan sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır.
Qeyd edək ki, imzalanan sənədlər ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına öz mühüm töhfəsini verəcəkdir.
Müzakirələrdə həmçinin bitkiçilik və digər kənd təsərrüfatı məhsullarının Çinə ixracı məsələləri də nəzərdən keçirilib, bu sahədə mövcud olan potensial yüksək qiymətləndirilərək əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Nümayəndə heyəti həmçinin ÇXR Baş Gömrük Administrasiyasının elmi tədqiqat mərkəzləri və laboratoriyaların fəaliyyəti ilə də yaxından tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə ÇXR Baş Gömrük Administrasiyasının tabeliyində fəaliyyət göstərən laboratoriyalar və elmi-tədqiqat institutları arasında əməkdaşlıq imkanları, eləcə də müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.
Səfər proqramına uyğun olaraq, AQTA sədri Qoşqar Təhməzli ÇXR Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) naziri Luo Ven ilə rəsmi görüş keçirib. Görüşdə qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, effektiv təftiş sistemlərinin tətbiqi, risk əsaslı qida təhlükəsizliyinin təmin edilməsində rəqəmsal transformasiya imkanları, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Keçirilən görüşlər, əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycanla Çin arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti sahələrində əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsinə, qarşılıqlı etimadın gücləndirilməsinə və iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Sağlam məktəbli, sağlam gələcək: AQTA məktəblərdə maarifləndirməni davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2026–2027-ci tədris ilində də “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərin sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi tədbirlərini davam etdirir. Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 311 nömrəli tam orta məktəbdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda maarifləndirici görüş keçirilib. 100-dən çox şagirdin iştirak etdiyi görüşdə meyvələrin böyümə və inkişafdakı rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, mövsümə uyğun seçilməsi və təhlükəsiz istehlakı barədə məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Layihənin məqsədi şagirdlərdə erkən yaşlardan sağlam qidalanma vərdişləri formalaşdırmaq və qida təhlükəsizliyi ilə bağlı məlumatlılığı artırmaqdır.
AQTA əməkdaşları ÜHST-nin regional seminarında iştirak edirlər
Oktyabr ayının 20-də Gürcüstanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təşkilatçılığı ilə baytarlıq məhsullarının tənzimlənməsi sistemlərinin gücləndirilməsi və müvafiq özünüqiymətləndirmə vasitəsinin (VMRA-SAT) tətbiqinə həsr olunan regional seminar başlayıb. Seminarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları iştirak edir.
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş