Azərbaycan və Gürcüstan arasında bitki karantini və baytarlıq sahələrində əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb
30 Oktyabr 2026 14:30
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
İclasda iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
İclas çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzalayıblar.
Sənədlər fitosanitar risklərin idarə olunması, zərərli orqanizmlərin və yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması, həmçinin rəsmi baytarlıq nəzarəti altında olan yüklərin idxalı, ixracı və tranziti prosedurlarının təkmilləşdirilməsini nəzərdə tutur.
Memorandumlar çərçivəsində fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsi və qarşılıqlı tanınması, nəzarət tədbirləri, epizootik vəziyyət barədə məlumat, eləcə də mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
Həmçinin Azərbaycanın 2025-ci ildə Gürcüstanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyini tanımasının ikitərəfli ticarətin asanlaşdırılması baxımından əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu yanaşma kənd təsərrüfatı və qida məhsullarının ticarət əlaqələrinin genişlənməsinə töhfə verə bilər.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası ilə bağlı Litva və Latviya təcrübəsi araşdırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Litva və Latviya respublikalarında səfərdə olub. Səfər çərçivəsində Litvanın Vilnüs və Latviyanın Riqa şəhərlərində kənd təsərrüfatı nazirlikləri, Dövlət Qida və Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Məlumat Mərkəzi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə heyvanların fərdi identifikasiyası və elektron qeydiyyatı, məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) rəqəmsal infrastrukturunun inkişafı məsələləri müzakirə olunub, bu sahələrdə təcrübə mübadiləsi aparılıb. Qeyd edək ki, Litva və Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
AQTA-da YAP-ın VIII Qurultayına həsr olunmuş görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib. Görüşdə AQTA-nın sədr müavini Əziz Şərifov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqinin ana xəttini təşkil edən əsas məqamlardan biri "Güclü dövlət – müasir idarəetmə" prinsipidir. Vurğulayıb ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi aktorlarından biri kimi çıxış edir. Sədr müavini bildirib ki, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional proseslərdə rolunun artması Azərbaycanın geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə daha geniş qəbul olunduğunu göstərir. YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxışında dövlət başçısının həyata keçirdiyi siyasətin Azərbaycanın milli maraqlarının qorunmasına, ölkənin davamlı inkişafına və dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin səmərəli təşkili, YAP-ın nüfuzunun artırılması və partiya qarşısında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirakın əhəmiyyəti diqqətə çatdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan və Gürcüstan arasında bitki karantini və baytarlıq sahələrində əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb
Giriş