Azərbaycanda baytarlıq sisteminin inkişafı üzrə görülən işlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib
10 Fevral 2023 09:31
Beynəlxalq ticarət qaydalarına əsasən, heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin tənzimlənməsi üçün xüsusi təhlükəli və ətraf mühitə zərər yetirən, habelə geniş iqtisadi itkilərə səbəb olan xəstəliklər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən izlənilir. Bu xəstəliklərin vaxtında aşkarlanması və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün təşkilatın üzvlüyünə daxil olan 182 ölkədə baytarlıq sisteminin xüsusi meyarlar əsasında qiymətləndirilməsi aparılır.
Sözügedən meyarlar bioloji təhlükəsizlik, insan və heyvan sağlamlığının müxtəlif aspektlərini özündə birləşdirən 45 sorğu predmetindən ibarətdir. Sorğu predmetləri beş ballıq sistemlə qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə görə “4” və “5” qiymətlərinin çoxluğu baytarlıq sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu, habelə etibarlı və bütün riskləri qarşılamağa qadir olduğunu göstərir ki, bu da aidiyyəti sahə üzrə beynəlxalq səviyyədə ölkənin nüfuzunun artmasına şərait yaradır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin dəvəti ilə 2022-ci ilin 9-20 may tarixlərində ölkəmizdə ÜHST-nin ekspertləri tərəfindən “Baytarlıq sisteminin PVS aləti vasitəsilə qiymətləndirilməsi” tədbiri həyata keçirilib və araşdırmalara dair son hesabat təqdim edilib. Qiymətləndirmə proqramına quduzluq xəstəliyinə qarşı epizootoloji vəziyyətin araşdırılması və aidiyyəti tövsiyələrin verilməsi də daxil olub ki, bu da respublikada ilk dəfə həyata keçirilir.
Ekspert qrupunun gəldiyi qənaətə görə, 2015-ci ildə keçirilmiş sonuncu qiymətləndirmə dövrü ilə müqayisədə respublikanın baytarlıq sisteminin müasirləşdirilməsində nəzərə çarpacaq dərəcədə ciddi irəliləyişlərə nail olunub. Belə ki, baytarlıq laboratoriyalarının vacib istiqamətlər üzrə beynəlxalq akkreditasiyadan keçməsi və analizlərinin keyfiyyətinə nəzarət mexanizminin işləməsi, heyvan xəstəliklərinin ləğvi üçün xüsusi proqramların hazırlanaraq tətbiq edilməsi, heyvandarlıq məhsullarının təchizat zəncirinin iştirakçısı olan müxtəlif sahibkarlıq subyektləri ilə qarşılıqlı işgüzar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın genişlənməsi kimi sahələr ölkəmizin baytarlıq sisteminin güclü tərəfləri kimi göstərilib.
Araşdırma dövründə antimikrob preparatların baytarlıqda tətbiqi və heyvan mənşəli məhsullarda qalıq miqdarının nəzarətdə saxlanmasına daha çox diqqət göstərilməsi və bu sahədə xüsusi prosedurların formalaşdırılmasına ehtiyac duyulduğu qeyd edilib. Ölkənin müxtəlif ərazilərində epizootik vəziyyətdən asılı olaraq xüsusi zonaların və daxili kompartmentlərin yaradılması, habelə bu sahə üzrə mövcud qanunvericiliyin əhatəli olmaması baytarlıq sistemində zəif tərəf kimi qiymətləndirilib.
Hesabatda inkişaf etdirilməli olan sahələrdən biri də heyvan yemlərinin təhlükəsizliyinə nəzarət məsələsidir. Bu sahə cari ildən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun predmetinə daxildir ki, burada təhlükəsizliyin təmin edilməsi məqsədilə yemlərin tam təchizat zənciri üzrə nəzarət prosedurları tətbiq ediləcək.
Qiymətləndirmə heyətinin vurğuladığı digər məsələ Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin ölkəni tam əhatə etməməsidir ki, artıq bu istiqamətdə mühüm addımlar atılaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iribuynuzlu heyvanların və atların identikləşdirilməsi başa çatıb, ölkə miqyasında isə 50 başdan yuxarı heyvan saxlanılan damazlıq və digər təyinatlı təsərrüfatlara aid heyvanların identikləşdirilməsinə başlanıb.
Oxşar xəbərlər
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Giriş