Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
13 Fevral 2024 16:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır.
Bu gün başlayan peyvəndləmə helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilir. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndəətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan “Rabadrop oral suspenziyası” səpələnir. Ümumilikdə, fevralın 15-də yekunlaşdırılması planlaşdırılan peyvəndləmə çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına 496 kilometr məsafədə 13 min ədəd aldadıcı yemin səpilməsi nəzərdə tutulub. Normaya əsasən, meşə zolaqlarında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, qeyd edilən ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə 50 min doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur.
Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Eyni zamanda bildirir ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.
Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib. Buna görə də müasir dünya təcrübəsinə uyğun olaraq, yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib.
Onu da bildirək ki, dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə 2023-cü ildə həyata keçirilib. Bu ayın sonunadək Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində də kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə helikopterlə peyvəndləmənin həyata keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş