Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir
19 May 2026 17:54
Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə söykənən mərkəzləşdirilmiş qaydada nəzarətedici vahid orqan - Qida Təhlükəsizliyi Komitəsi yaradılıb.
Bu ilin 12 may tarixində fəaliyyətə başlayan yeni qurum Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin müvafiq struktur bölmələrinin bazasında formalaşdırılıb.
Yeni idarəetmə modeli çərçivəsində bir sıra qida məhsulları üzrə məcburi sertifikatlaşdırma tələbləri ləğv olunub. İdxal və ixrac prosedurlarında nəzarət müddətləri dəfələrlə azaldılıb. Bununla yanaşı, qida təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki təcrübəsindən yararlanmaq məqsədilə Özbəkistan nümayəndə heyəti AQTA-da görüşlər keçirib. Agentliyin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub. Eyni zamanda Agentliyin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Özbəkistanda qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sisteminin formalaşdırılması məqsədilə bir sıra ölkələrin təcrübəsi öyrənilib. Azərbaycanın vahid qida təhlükəsizliyi modeli Özbəkistan üçün ən məqbul və effektiv variant hesab olunub.
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan arasında bitki karantini və baytarlıq sahələrində əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. İclasda iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. İclas çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzalayıblar. Sənədlər fitosanitar risklərin idarə olunması, zərərli orqanizmlərin və yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması, həmçinin rəsmi baytarlıq nəzarəti altında olan yüklərin idxalı, ixracı və tranziti prosedurlarının təkmilləşdirilməsini nəzərdə tutur. Memorandumlar çərçivəsində fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsi və qarşılıqlı tanınması, nəzarət tədbirləri, epizootik vəziyyət barədə məlumat, eləcə də mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması planlaşdırılır. Həmçinin Azərbaycanın 2025-ci ildə Gürcüstanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyini tanımasının ikitərəfli ticarətin asanlaşdırılması baxımından əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu yanaşma kənd təsərrüfatı və qida məhsullarının ticarət əlaqələrinin genişlənməsinə töhfə verə bilər.
Heyvanların identifikasiyası ilə bağlı Litva və Latviya təcrübəsi araşdırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Litva və Latviya respublikalarında səfərdə olub. Səfər çərçivəsində Litvanın Vilnüs və Latviyanın Riqa şəhərlərində kənd təsərrüfatı nazirlikləri, Dövlət Qida və Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Məlumat Mərkəzi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə heyvanların fərdi identifikasiyası və elektron qeydiyyatı, məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) rəqəmsal infrastrukturunun inkişafı məsələləri müzakirə olunub, bu sahələrdə təcrübə mübadiləsi aparılıb. Qeyd edək ki, Litva və Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan və Gürcüstan arasında bitki karantini və baytarlıq sahələrində əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb
Giriş