Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
19 Noyabr 2024 16:51
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak edib. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılıb.
Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” və “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçirilib.
AQTA sədri Q.Təhməzli “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” mövzusunda təşkil olunan sessiyada çıxış edib. Q.Təhməzli bildirib ki, müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Agentlik sədri bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edib və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndirib.
Q.Təhməzli vurğulayıb ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır. Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır. Respublikamızda bu istiqamətdə son illərdə aparılmış islahatların öz bəhrəsini verməkdə olduğunu bildirən AQTA sədri ölkəmizin əldə olunan təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Q.Təhməzli deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll olunması məqsədilə “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya”nın layihəsi hazırlanaraq təqdim ediləcək. AQTA sədri vurğulayıb ki, mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, “Cəmiyyət-heyvanat aləmi - ətraf mühit” kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq.
Sessiyada çıxış edən kənd təsərrüfatı naziri M.Məmmədov, səhiyyə naziri T.Musayev və TƏBİB-in icraçı direktoru V.Qurbanov insan, heyvan və ətraf mühitin sağlamlığı ilə bağlı problemlərin birgə yanaşma ortaya qoyulmaqla həll olunmasının vacibliyini vurğulayıblar. Həmçinin sözügedən tədbirin “Vahid Sağlamlıq” konsepsiyası ilə bağlı yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə böyük töhfə verəcəyini qeyd ediblər.
Daha sonra sessiyada zoonoz xəstəliklərlə bağlı problemlərin həll olunması üçün hazırlanmış Milli Strategiyanın təqdimatı keçirilib.
“Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzusunda keçirilən sessiyada isə FAO-nun Baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, ÜHST-nin Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜST-nin Avropa üzrə Regional Ofisinin yoluxucu xəslətliklər, ətraf mühit və səhiyyə üzrə direktoru Robb Batler və başqaları çıxış edib. Onlar “Vahid Sağlamlıq” yanaşmasının əhəmiyyətinə toxunub, bu sahədə həyata keçirilən hər bir yeniliyin insan, heyvan və ətraf mühitin sağlamlığının qorunmasında müsbət dəyişikliklərə səbəb olacağına inandıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Detoks suları haqqında doğru bilinən yanlışlar - VİDEO
Gündəlik həyatımızda, xüsusilə də çəki vermək istəyən insanlar arasında detoks sularından istifadə geniş yayılıb. Bir çoxları bu suların orqanizmi toksinlərdən təmizlədiyinə, piyləri əridərək arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyinə inanır. Lakin detoks suları ilə bağlı geniş yayılmış bu fikirlərin heç də hamısı elmi əsaslara söykənmir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, ilk yanlış fikir detoks sularının orqanizmi toksinlərdən təmizləməsi ilə bağlıdır. Əslində orqanizmin zərərli maddələrdən təmizlənməsində əsas rolu qaraciyər və böyrəklər oynayır. Suya əlavə edilən xiyar, limon və ya nanə orqanizmə xüsusi detoksifikasiya xüsusiyyəti qazandırmır və bədənin təbii təmizlənmə mexanizmini əvəz etmir. Digər geniş yayılmış yanlış fikir detoks sularının piyləri əridərək birbaşa arıqlamağa səbəb olmasıdır. Halbuki heç bir qida və ya içki birbaşa piyləri parçalayaraq əridə bilməz. Detoks suları şəkərli və qazlı içkiləri əvəz etdikdə gündəlik kalori qəbulunun azalmasına kömək edə bilər. Detoks suları ilə bağlı növbəti yanlış fikir meyvə və tərəvəzlərin tərkibindəki bütün vitaminlərin suya keçməsi ilə əlaqədardır. Əslində, limon, xiyar və giləmeyvələr suda saxlanıldıqda onların tərkibindəki bəzi suda həll olan vitaminlərin, məsələn, C vitamininin az miqdarı suya keçə bilər. Meyvənin özünü yemədikdə onun tərkibindəki lif və digər vacib qida maddələrindən də məhrum olursunuz. Detoks sularının maddələr mübadiləsini sürətləndirməsi də elmi baxımdan kifayət qədər əsaslandırılmayıb. Ümumilikdə detoks suları özlüyündə zərərli deyil. Əksinə, gün ərzində kifayət qədər su içməkdə çətinlik çəkən insanlar üçün suyun dadını dəyişmək və maye qəbulunu artırmaq baxımından yaxşı seçim ola bilər. Bu içkilərdən xüsusi müalicəvi, arıqladıcı və ya orqanizmi toksinlərdən təmizləyən möcüzəvi təsirlər gözləmək doğru deyil. Ətraflı linkdə:
Giriş