Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgiləri açılıb
5 May 2026 14:23
Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi açılıb.
Sərginin açılışında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkəmizdə aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir. Bu il tədbirin “Caspian Agro Week” formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır. Bu platforma dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir.
AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində əldə edilən uğurları diqqətə çatdırıb. Onun sözlərinə görə, strateji sahə olan kənd təsərrüfatı və qida sənayesi dövlətin daimi diqqət mərkəzindədir. Bu sektorun inkişafı ölkənin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatı, qida təhlükəsizliyi sistemində səmərəliliyin və şəffaflığın artırılması, həmçinin onun beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görülür:
“Ölkəmizdən dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı uğurla həyata keçirilir. 2025-ci ildə Azərbaycandan rekord sayda bitkiçilik məhsulları dünya bazarına ixrac olunub. Ötən il 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edən məhsullar ixrac edilib. Ən mühüm töhfələrdən biri beynəlxalq standartlara uyğunluğun təmin edilməsidir ki, ixrac etdiyimiz məhsullar dünyanın istənilən bazarında özünə layiqli yer tapa bilsin. Bu məqsədlə ən vacib məsələlərdən biri ölkəmizdə heyvan sağlamlığının təmin olunmasıdır. Bioloji təhlükəsizliyin təmin olunması istiqamətində deyə bilərəm ki, ölkəmizin quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad statusunun qorunub saxlanılması isə bu sahədə olan məhsulların dünyanın bir sıra ölkələrinə ixrac olunmasına gətirib çıxarıb. Quşçuluq məhsulları, damazlıq və ərzaqlıq yumurtalar, eyni zamanda akvakulturada yetişdirilən balıqlar və kürü məhsulları da dünyanın müxtəlif ölkələrinə göndərilir”, - deyə Q. Təhməzli qeyd edib.
Q. Təhməzlinin sözlərinə görə, qida təhlükəsizliyinin beynəlxalq standartlara uyğunlaşdırılması Azərbaycanın Çin Xalq Respublikası kimi böyük bir bazara çıxış fürsəti yaradıb. O, bildirib ki, artıq fındıq və badamın ixracı ilə bağlı razılıq əldə edilib, bir sıra digər ərzaq məhsullarının ixracı istiqamətində işlər həyata keçirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, FAO-nun ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat sərgilərin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, beynəlxalq sərgilərdə 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda, Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgilərdə milli qruplar formatında təmsil olunaraq kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Giriş