Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin VI iclası keçirilib
4 Dekabr 2019 18:35
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ECO-nun Baş Katibinin müavini Sayed Yahya Akhlaqi, ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri - Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya naziri Erkinbek Çoduyev, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, Tacikistanın Kənd Təsərrüfatı naziri Sattori Izzatullo, Qazaxıstanın Kənd Təsərrüfatı nazirinin müavini Nurbek Dairmekov, Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı və Meşə Komissiyasının sədri, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri, aqrar sahə üzrə ekspertlər iştirak edib.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.
Tədbirdə üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri, ECO-nun ixtisaslaşmış agentlikləri - regional təsisatlarının rəhbərləri çıxış edərək təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunublar. İclasda ECO ölkələri arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, təşkilatın və onun ixtisaslaşmış orqanlarının həyata keçirdiyi regional layihələr, üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin VI iclasının sonunda ECO regionunda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi və iclasın hesabatı qəbul edilib. Bakı Bəyannaməsində üzv ölkələr arasında kənd təsərrüfatı və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması və digər məsələlər öz əksini tapıb.
Oxşar xəbərlər

Heyvan kəsimi məntəqələrində hansı qaydalara əməl olunmalıdır?
Qurban bayramı günlərində heyvan kəsimi və satışına tələbat əhəmiyyətli dərəcədə artır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, əraziyə zərərvericilərin və digər heyvanların (it,pişik) daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.