Bakıda keçirilən pestisidlərdən istifadənin idarə edilməsinə dair beynəlxalq tədbir yekunlaşıb
20 Sentyabr 2023 16:51
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Bakıda “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda keçirilən üçgünlük regional seminara yekun vurulub.
Tədbirin son günündə “Azərbaycanda istifadəyə yararsız pestisidlərin idarə edilməsinin (istifadəsinin qarşısının alınması və məhv edilməsi) təkmilləşdirilməsi” mövzusunda Milli Seminar təşkil olunub. Seminarda Azərbaycanda pestisidlərin həyat dövriyyəsində iştirak edən dövlət qurumlarından səlahiyyətli şəxslər və FAO-nun bu sahə üzrə ixtisaslaşmış beynəlxalq ekspertləri iştirak ediblər. Bu çərçivədə baş tutan sessiyalarda “Azərbaycanda pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadənin cari vəziyyəti”, “Köhnəlmiş pestisidlər: Risklər və təsirlər və onların idarə edilməsində ən yaxşı beynəlxalq təcrübələr”, “İstifadəyə yararsız pestisidlərin və kənd təsərrüfatı tullantılarının idarə olunması üzrə Milli Strategiyanın hazırlanması” mövzularında İşçi qrupların müzakirələri aparılıb. Seminarın yekununda pestisidlərdən istifadənin idarə edilməsinə dair atılacaq növbəti addımlar nəzərdən keçirilib, təkliflər səsləndirilib.
Qeyd edək ki, seminarın davamı olaraq, sentyabrın 21-də və 22-də Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən olan mütəxəssislərlə Agentliyin inzibati binasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycanda bitki mühafizə vasitələrinin qeydiyyatı və dövriyyəsinə nəzarət mexanizmi ilə Türkiyə təcrübəsi əsasında yaxından tanış olmaq və prosesin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi planlaşdırılır.
Xatırladaq ki, “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi layihəsi” çərçivəsində keçirilən tədbir 18-20 sentyabr tarixlərini əhatə edib. Seminara layihəyə üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən mütəxəssislər və FAO-nun əməkdaşları qatılıblar.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş