Bala dair sanitariya norma və qaydaları ilə bağlı yeni normativ sənəd hazırlanıb
24 Aprel 2026 17:40
Qida və yem məhsullarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və normativ tənzimləmənin həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Bala dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Sənəd aidiyyəti qurumlarla razılaşdırılması, o cümlədən ictimai müzakirə üçün “Lisenziyalar və icazələr” portalına yerləşdirilib. Sahə mütəxəssisləri, sahibkarlar sənədlə tanış ola və öz fikirlərini bildirə bilərlər.
Yeni sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən edir və bu sahədə mövcud tənzimləmələri daha da təkmilləşdirir. Qaydalar Avropa İttifaqının müvafiq direktivləri və Kodeks Alimentarius Komissiyasının “bal standartı” sənədləri əsasında formalaşdırılıb.
Qaydalar balın bütün növlərinə – çiçək balı, gəzəngi (şirə) balı, şan balı, süzmə bal və digər formalarına şamil olunur. Sənəddə məhsulun tərkibi, istehsal üsulları, saxlanma şəraiti, daşınma qaydaları və etiketləmə tələbləri müəyyən edilib.
Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir, balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır, məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir. Etiketlərdə “Bir yaşına qədər körpələrə bal verilməməlidir” xəbərdarlığı mütləq qeyd olunmalıdır.
Sənəddə həmçinin botanik mənşəyi məlum olan ballar üçün çiçək tozcuğu tərkibinə dair minimum göstəricilər müəyyən edilib ki, bu da məhsulun mənşəyinin müəyyən edilməsinə imkan verir.
Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək.
Əlavə məlumat üçün: https://lisenziya.gov.az/act-projects
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş