Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb
20 Avqust 2026 17:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən balıqçılıq sahəsində epizootoloji sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və balıqçılıq məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi istiqamətində mütəmadi monitorinqlər keçirilir.
Monitorinqlər zamanı təsərrüfatların və su hövzələrinin epizootoloji vəziyyəti qiymətləndirilir, xəstəliklərin erkən aşkarlanması və risklərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Balıqçılıq subyektlərinə baytarlıq və biotəhlükəsizlik tələblərinə əməl olunması, xəstəliklərin profilaktikası və erkən aşkarlanması ilə bağlı metodiki və maarifləndirici dəstək göstərilir. Bu tədbirlər balıqçılıq təsərrüfatlarında epizootoloji sabitliyin qorunması və məhsulların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ixrac imkanlarının da genişləndirilməsinə şərait yaradır.
Görülən nəzarət tədbirləri nəticəsində 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artıb.
Bundan başqa, AQTA ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verən sənədlər imzalanıb.
Balıqyetişdirmə müəssisələrində yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsullarının Avropa İttifaqı bazarına ixrac icazəsinin davamlılığının təmin olunması məqsədilə illik əsasda “Balıq məhsullarında qalıqlara dair milli Monitorinq Planı” icra olunur və nəticələri Avropa İttifaqına təqdim edilir.
Balıq kürüsünün ixracında da əhəmiyyətli artım qeydə alınıb. Bu ilin 7 ayı ərzində 954,2 kq balıq kürüsü 12 ölkəyə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya ixrac olunub. Əvvəlki illə müqayisədə balıq kürüsünün ixrac həcmi 2,7 dəfə artıb. İxrac olunan balıq məhsulları və kürüsü idxalçı ölkələrin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı ilə təmin edilir.
Kürü ilə yanaşı, balıqyetişdirmə müəssisələrində yetişdirilən müxtəlif balıq növlərinin də Avropa İttifaqı və Birləşmiş Krallıq bazarına ixrac icazəsinin əldə edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq işlər görülməkdədir.
Azərbaycana soyudulmuş və dondurulmuş balıq məhsulları 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal olunur. İdxal olunan məhsullara AQTA tərəfindən sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq edilir. Məhsulların təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri, habelə orqanoleptik xüsusiyyətləri qiymətləndirilir və laborator müayinələrə cəlb olunur.
Agentlik tərəfindən 2025-2026-cı illərdə ümumilikdə 20 balıqçılıq müəssisəsində 24 yoxlama aparılıb. Yoxlama zamanı 18 müəssisədə uyğunsuzluq müəyyən edilib ki, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində sahibkarlara icrası məcburi göstərişlər verilib.
AQTA tərəfindən həyata keçirilən risk əsaslı monitorinqlər, laborator nəzarət və biotəhlükəsizlik tədbirləri balıqçılıq sahəsində epizootoloji sabitliyin və təhlükəsiz məhsul istehsalının təmin olunmasına, daxili bazarın təhlükəsiz balıqçılıq məhsulları ilə təmin edilməsinə, həmçinin Azərbaycanın balıqçılıq məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının qorunmasına və ixrac potensialının artırılmasına xidmət edir.
Oxşar xəbərlər
EPPO-nun Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib
Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Görüşdə pestisidlərin səmərəliliyinin qiymətləndirilməsində dronlardan, multispektral kameralardan və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə olunub. İclasda rəqəmsal texnologiyaların tətbiqinə dair materialların ekspert rəyləri əsasında təkmilləşdirilməsi və EPPO-nun müvafiq ekspert qruplarına təqdim olunması planlaşdırılıb.
ADA Universitetində Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et. Sabahı qidalandır” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolu müzakirə olunub. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir kənd təsərrüfatının inkişafında elm, innovativ texnologiyalar və səmərəli idarəetmə mühüm rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun strateji inkişaf istiqamətlərini müəyyən edir. Proqramda rəqəmsallaşma, resurslardan səmərəli istifadə, iqlimə davamlı istehsal və innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyacın olduğunu vurğulayaraq ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin əhəmiyyətini qeyd edib. Milli Məclisin üzvü və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyində kənd təsərrüfatının roluna, məhsuldarlığın artırılmasına, təbii resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa diqqət çəkib. FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovasiyaların məhsuldarlığın artırılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib. Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və icma rifahının yüksəldilməsi istiqamətində səylərini əks etdirir. Həmçinin “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə qida sənayesinin inkişafı, məhsul keyfiyyəti və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib. Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun təsis edildiyi gün münasibətilə qeyd olunur. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin dayanıqlı inkişafına töhfəsinə diqqət çəkir.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Sumqayıt şəhərində, Xaçmaz və Yardımlı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Giriş