Bayat yeməklər insan orqanizmində hansı fəsadlar yarada bilər?
2 Yanvar 2024 10:46
Bayram süfrəsini zəngin və təmtəraqlı etmək üçün çeşid-çeşid yeməklər, növbənöv salatlar və şirniyyatlar hazırlanır. Bayram vaxtı istehlak edilməyən yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır. Lakin mütəxəssislər hesab edirlər ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak olunan yeməklərin orqanizmə bir sıra mənfi təsirləri ola bilər. Ona görə də, belə qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.
Xüsusilə yumurta, balıq, ət, göbələk kimi məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalı, daha sonra soyuducuda saxlanılmalıdır. İsti yeməklər soyuducuya yerləşdirilməmişdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. Bəzi qidaların isidilərək yenidən istehlakı ümumiyyətlə tövsiyə edilmir. Belə ki, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak olunmalıdır. Kartof, çuğundur, ispanaq kimi tərəvəzlər, ən əsas da göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirdiyi üçün bu məhsulların təzə-təzə bişirilib istehlak edilməsi daha məqsədəuyğundur.
Yeri gəlmişkən, yeməklərin xarab olub-olmadığını dad və ya qoxu vasitəsilə müəyyən etmək hər zaman mümkün olmur. Qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar var ki, onlar qidanın qoxusunu və dadını korlamadan belə çoxala bilir, hətta bəziləri toksin ifraz edir. Belə bakteriyalar dəniz məhsulları, süd və süd məhsulları, tortlar və digər kremli şirniyyatlarda daha tez çoxala bildiyi üçün ən çox qida zəhərlənmələri də məhz bu qidalar düzgün saxlanılmadıqda və təkrar isidilərək istehlak edildikdə baş verir.
Bayat yeməklər kimi, bayat çayın da orqanizmə ziyanı var. Çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirməklə yanaşı, insan orqanizminə mənfi təsir göstərə bilir.
Mütəxəssislər deyirlər ki, qeyd olunan mənfi halların baş verməməsi və bayat qida qəbul etməmək üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Həm də bişirilmə tarixi bilinməyən yeməklər yeyilməməlidir.
Oxşar xəbərlər
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş