Baytarlıq nəzarətindən keçməyən ət və ət məhsullarının istehlakı insan həyatı üçün təhlükə yaradır
6 Sentyabr 2022 14:39
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamına uyğun olaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi reydlər keçirir.
Reydlər zamanı nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Təqdim olunan ət nümunələrindən 241-də uyğunsuzluq aşkarlanıb. Nümunələrdə E.coli, Salmonella, Streptokokk, bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) və anaerob bakteriyaları müəyyən edilib. Həmçinin aparılan müayinələr zamanı istehlakçılara mal və dana əti kimi təqdim olunan bəzi ət və ət məhsullarında at ətinin DNT-si aşkarlanıb.
Qeyd edək ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa Birliyi ölkələrində hər il yüz minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxma halı qeydə alınır. Bir faktı qeyd etmək kifayətdir ki, hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür.
Ən təhlükəli zoonoz xəstəlikləridən biri olan Qarayara bir çox kənd təsərrüfatı və vəhşi heyvan növlərinin və insanların təhlükəli, iti septiki xəstəliyi olub, septisemiya, dərinin, bağırsaqların, ağ ciyərin, limfa vəzilərinin zədələnməsi və xəstələnmiş heyvanların ölməsi ilə səciyyəvidir. Xəstəliyə bütün növlərə aid kənd təsərrüfatı heyvanları, həmçinin bir sıra ov heyvanları həssasdırlar. Kolibakterioz xəstəliyi isə bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlarda, həmçinin quşlarda septiki, enterotoksiki və ya enterit formalarda özünü göstərən zoonoz xəstəlikdir. Təhlükəli qida infeksiyalarının törədicilərindən olan Salmonella qida zəhərlənmələrinin əsas törədicilərindən sayılır və heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) bu bakteriya növünün əsas daşıyıcısıdır.
AQTA bir daha bəyan edir ki, ölkədə qanuni şəkildə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlak olunması tövsiyə edilmir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.