Bazarlarda soyuq sıxım yağ məhsullarının emalı və satışı ilə bağlı monitorinq keçirilib
13 Noyabr 2025 16:37
Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq aparılıb.
Monitorinq zamanı iki bazarda qanunsuz olaraq yağların emalı və satışının həyata keçirildiyi müəyyən edilib. Bununla əlaqədar Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti 25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama keçirilib.
Baxış zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında istifadə olunan toxum xammallarının saxlanma qaydalarına əməl edilmədiyi, emal və satış proseslərində işçilərin gigiyenik norma və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə olunduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verən şəxslər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
“Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şahvələdov Şalbuz Vəzir oğlu tərəfindən emal olunan soyuq sıxım zeytun yağı nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib. İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş