Bərdə heyvan satışı bazarı fəaliyyətə başlayıb
16 Dekabr 2025 15:15
Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub.
Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.
Hazırda bir neçə heyvan bazarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir. Belə ki, həmin heyvan bazarlarında AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, rekonstruksiya işləri icra olunmaqdadır.
Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
Oxşar xəbərlər
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
Məktəbli uşaq üçün sağlam qida seçimi necə olmalıdır?
Məktəb dövrü uşağın həm fiziki, həm də zehni inkişafının ən aktiv mərhələsidir. Günün böyük hissəsini məktəbdə keçirən uşağın diqqətini cəmləməsi, dərsdə fəal olması və tez yorulmaması birbaşa onun nə ilə qidalanmasından asılıdır. Ağ çörək əvəzinə tam taxıllı və ya çovdar çörəyindən hazırlanmış sendviçlər, lavaş ruletləri kimi seçimlər uşağın qan şəkərini stabil saxlayır və dərsdə diqqətini yayındırmır. Zülal uşağa uzunmüddətli enerji verir və tez acmasının qarşısını alır. Ona görə, qaynadılmış yumurta, qızardılmamış toyuq və ya hinduşka əti, ev üsulu pendir dilimləri və ya kəsmik sağlam seçimlər ola bilər. Dilimlənmiş pomidor, xiyar, kök, alma, banan və ya giləmeyvələri isə uşağın rahat yeyə biləcəyi ölçüdə doğramaq vacibdir. Bir ovuc qovrulmamış qoz, fındıq, badam və ya xurma, ərik kimi qurudulmuş meyvələr Omeqa-3 və mineral baxımından zəngindir, beynin fəaliyyətini stimullaşdırır. Yemək çantasını uşaq üçün vizual olaraq cəlbedici edin. Rəngarəng tərəvəzlər, maraqlı bölməli lançbokslar uşaqda ev yeməyinə həvəs yaradır. Çantaya mütləq kiçik bir şüşədə sadə su qoyun. Unutmayaq ki, sağlam qidalanan uşaq — daha diqqətli, daha enerjili və daha uğurlu şagird deməkdir.
Təhlükəli arıqlama məhsulları aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir. Monitorinq tədbirləri çərçivəsində “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, həmçinin “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satışı həyata keçirilən müxtəlif məhsullarla bağlı araşdırmalar aparılıb. Laborator müayinələr nəticəsində hər üç məhsulun tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə - sibutramin maddəsi aşkarlanıb. Qeyd edək ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, sibutraminin istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib. Məlumat üçün bildirək ki, sibutraminin istifadəsi arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarının yaranmasına səbəb ola bilər. Araşdırma zamanı “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi müəyyən edilib. Qeyd edək ki, sözügedən məhsulların satışını həyata keçirən hər üç sosial şəbəkə hesabı geniş izləyici auditoriyasına malikdir, eləcə də həmin məhsullar sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edilir. AQTA bir daha bildirir ki, sosial şəbəkələrdə məhsulun geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir. İstehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir. AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir. Link
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş