Bərdədə fəaliyyət göstərən süd tədarükü müəssisəsində yoxlama keçirilib
9 Oktyabr 2023 10:12
Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, fiziki şəxs Seyfullayev Ravil Kazım oğluna məxsus süd tədarükü müəssisəsində plandankənar yoxlama keçirilib.
Baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər
Türkiyəli ekspertlərlə pestisidlərə dair müzakirələr aparılıb
Bitki mühafizə vasitələrinin (pestisidlərin) qeydiyyatı və dövriyyəsinin izlənilməsi üzrə Türkiyədən olan ekspertlər Meltem Büyükyavuz və Cem Ərdoğan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Görüşlərdə respublikamızda bitki mühafizə vasitələrinin qeydiyyatı və idxalı ilə bağlı prosedurlar, həmçinin pestisidlərin istehsalı və dövriyyəsinə nəzarət tədbirləri nəzərdən keçirilib. Türkiyədə həyata keçirilən analoji prosedurlar diqqətə çatdırılıb. Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb. Qonaqlar pestisidlərin qeydiyyatı zamanı dövlət sınağının aparılmasına dair iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına da baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Türkiyədən olan ekspertlər AQTA ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlıq etdiyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Səfər ölkəmizdə pestisidlərin dövlət qeydiyyatına alınması prosesinin və dövriyyəsinə nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb. Türkiyədən olan ekspertlər AQTA və AQTİ ilə yanaşı, pestisidlərin qeydiyyatı və dövriyyəsi ilə əlaqədar digər müvafiq qurumlarda da görüşlər keçiriblər.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
AQTA sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2025-ci ilin yanvar ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yanvarın 17-si saat 10:00-da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 16-dək qəbula yazıla bilərlər. Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.