Beyləqan heyvan bazarının fəaliyyətinə icazə verilib - Video
27 Yanvar 2026 11:49
Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib.
Belə ki, bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib.
Eyni zamanda bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, yem anbarı yaradılıb, iri və xırdabuynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib.
Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub.
Qeyd edək ki, bundan öncə Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.
Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Oxşar xəbərlər
AQTA və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə olunub. Görüş zamanı Avropa İttifaqına ixrac icazəsi verilən ölkələrin və müəssisələrin siyahısına keçid prosesi, eləcə də Türkiyənin tətbiq etdiyi təsdiq prosedurları barədə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi olub
Qida Təhlükəsizliyi Agentliyində İctimai Şura üzvlərinin iştirakı ilə yeni hazırlanan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib. Müzakirə zamanı əvvəlcə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üzrə Dövlət Proqram” ının icrasından əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Proqramın əhatə etdiyi dövr üzrə icra göstəricisi 92 faiz təşkil edib. Daha sonra Agentliyin rəsmiləri təqdimatla çıxış edərək, yeni Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də biotəhlükəsizliyə nəzarət sistemlərinin təkmilləşdirilməsi, “Vahid Sağlamlıq” konsepsiyasının və qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, idxal-ixrac nəzarətinin və beynəlxalq əməkdaşlığın, eləcə də istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətləri kimi vurğulanıb. Müzakirə zamanı İctimai Şura üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran sualları cavablandırılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində hazırda icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Texniki normativ hüquqi aktlar beynəlxalq standartlara uyğun hazırlanır
Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. "Qida təhlükəsizliyi haqqında" Qanunun 9-cu maddəsinə əsasən, normativ hüquqi aktlar elmi sübutlar və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının birgə təsis etdiyi Kodeks Alimentarius Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanır. Qanunun tələblərinə uyğun olaraq bugünədək onlarla sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar qəbul edilərək Hüquqi Aktların Dövlət Reyestrinə (e-qanun.az) daxil edilib. Bu proses qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın yaradılmasına öz töhfəsini verib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş