Beynəlxalq ekspert AQTİ mütəxəssislərinə təlim keçib
3 Fevral 2022 14:28
Qida texnologiyaları üzrə beynəlxalq ekspert Upali Samarajeewa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların mütəxəssisləri üçün “Metod validasiya və verifikasiyası” mövzusunda təlim keçib. Onlayn formatda keçirilən təlimdə Mərkəzi Baytarlıq Laboratoriyasının, Milli Referens Laboratoriyasının, Mərkəzi Fitosanitar Laboratoriyasının, Kompleks Tədqiqatlar Laboratoriyasının əməkdaşları ilə yanaşı, Bakı, Abşeron, Tovuz, Lənkəran və Göygöl Regional Sınaq laboratoriyalarının da mütəxəssisləri iştirak edib.
Beynəlxalq ekspert Upali Samarajeewa təlim iştirakçılarına bu beynəlxalq standartın tətbiqinin təmin edə biləcəyi fayda və üstünlüklərdən geniş bəhs edib. Həmçinin laboratoriyalarda istifadə olunan müxtəlif metodların validasiya və verifikasiyasını müqayisəli şəkildə izah edib. Təlimdə stabillik, dəqiqlik, doğruluq, düzgünlük, ölçmə qeyri-müəyyənliyi, LoQ, LoD, ölçmə aralığı, xəttilik, spesifiklik, seçicilik, paralelizm, geri qazanma kimi parametrlər üzrə nəzəri biliklər aşılanıb, mövzu üzrə interaktiv müzakirələr aparılıb. Sonda isə iştirakçıların təlimi necə mənimsədiyini müəyyən etmək məqsədilə qiymətləndirmə aparılıb.
Qeyd edək ki, “Metod validasiya və verifikasiyası” təlimi sınaq laboratoriyalarının göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Təlimin məqsədi ISO/IEC 17025 standartının tələbinə uyğun olaraq metodun validasiya və verifikasiyasını həyata keçirmək üçün AQTİ mütəxəssislərinin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasıdır.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş