Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir – Xəbərdarlıq
9 Oktyabr 2025 12:43
İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Təəssüflə qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra keytrinq şirkətlərinin qaydalara əməl etmədiyi və ciddi nöqsanlara yol verdiyi aşkar edilib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib.
Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır:
− müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;
− mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;
− texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması;
− xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;
− xammalların müşayiətedici sənədlərinin olmaması;
− yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;
− məhsulların saxlanma qaydalarına əməl olunmaması;
− dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;
− işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.
Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilir. Nəzarət tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş