Binəqədidə fəaliyyət göstərən buğda unu emalı müəssisəsində nöqsanlar aşkarlanıb
3 Oktyabr 2024 10:54
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 ünvanında fəaliyyət göstərən, “Xırman” MMC-yə məxsus buğda unu emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.
Belə ki, müəssisədə xammal, hazır məhsul və qablaşdırma materiallarının saxlanması üçün müvafiq şəraitin təmin edilmədiyi, temperaturun monitorinqinin aparılmadığı, işçilər üçün gigiyenik vasitələr və isti su ilə təchiz olunmuş yuma çanağının təşkil olunmadığı, havalandırma sisteminin qurulmadığı, divar, döşəmə və tavanın, eləcə də un emalında istifadə olunan dəyirman qurğusunun tamlığının pozulduğu, həmçinin emal olunan “Qaymaq” əmtəə nişanlı tam buğda unu məhsullarında zərərvericilərlə sirayətlənmə aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilmiş məhsulların satışının qadağan olunması və emalın dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA sədri Oğuzda vətəndaşları qəbul edib, istehsal müəssisələrinə baş çəkib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 15-i Oğuzda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. AQTA sədri Qoşqar Təhməzli vətəndaşların qəbulu ilə bağlı səfəri çərçivəsində Oğuzda yerləşən "CPC" və Qaxda yerləşən "Ulu Aqro" MMC-lərdə istehsal prosesi ilə yaxından tanış olub.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.